MƏDƏNİYYƏT
Anar Kərimov: Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşayacaq
Bakı, 15 mart, AZƏRTAC
Biz istəyirik ki, Şuşanı fəaliyyətimizdə ana xətt kimi aparaq.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Shusha talks" ("Şuşa söhbətləri") layihəsinin təqdimat mərasimində deyib.
Bu gün önəmli bir layihəyə start verdiklərini söyləyən nazir bildirib ki, bu layihə ölkə başçısı tərəfindən elan edilən "Şuşa İli"nə həsr edilib.
“Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşayacaq. Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik. İstəyirik ki, “Şuşa söhbətləri” vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. “Şuşa söhbətləri” çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri dəvət edəcəyik.
Bu, bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də davam etməyi düşünürük. Burada vətəndaş cəmiyyətinin iştirakı çox vacibdir”,- deyə mədəniyyət naziri söyləyib.
Nazir müzakirələrin növbəti mərhələsini Şuşada keçirməyi düşündüklərini vurğulayıb.