CƏMİYYƏT


Anar Rəfiyev: Ukraynanın müxtəlif bölgələrinə 900 ton humanitar yardım göndərilib

Kiyev, 4 oktyabr, AZƏRTAC

Ukrayna və Rusiya arasında başlayan müharibə zamanı könüllülər qrupumuz tərəfindən ölkənin müxtəlif bölgələrinə 900 ton humanitar yardım çatdırılıb.

Bu barədə AZƏRTAC-a Ukraynanın Enerji Səmərəliyi və Enerjiyə Qənaət Fondunun rəhbəri Anar Rəfiyev məlumat verib.

Onun sözlərinə görə, Könüllülər Qrupu yüzlərlə ailəni potensial təhlükəli yaşayış məntəqələrindən təxliyə edib. Anar Rəfiyev, həmçinin vurğulayıb ki, könüllülər qrupu Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi və digər tərəfdaşlarla birgə İlon Maskın “Starlink” internet paylayıcı terminallarının infrastrukturu sıradan çıxmış şəhərlərə çatdırılmasında da əməkdaşlıq qura bilib. “Biz artıq belə modemləri İrpen, Buça, Mariupol, Xarkov, Çerniqov, Nikolayevə köçürmüşük və bununla da yerli hakimiyyət orqanlarının sabit əlaqə qurma imkanlarını təmin etməyə nail olmuşuq. Təxminən 50 “Starlink” terminalını bölgələrə çatdıra bilmişik”, - deyə o qeyd edib.

Təşkilatlarının UNICEF-in tərəfdaşı olduğunu deyən Anar Rəfiyev vurğulayıb ki, Rusiyanın Ukrayna ərazisində başlatdığı genişmiqyaslı müharibə Ukrayna iqtisadiyyatını əhəmiyyətli dərəcədə zəiflətdiyindən ölkəyə investisiya yatırımlarını artırmaq istiqamətində işlər aparılır.

“Bu gün bizim məqsədimiz investisiyaların cəlb edilməsi, səmərəli enerjiyə qənaət texnologiyalarının, yeni layihələrin tətbiqi və iş yerlərinin açılması yolu ilə onun işini gücləndirməkdir. Bundan başqa öz səylərimizi Ukraynanın bərpasına, ən əsası isə yenilənməsinə yönəltmişik. Bunun üçün biz Ukraynanın Yenilənmə Liqasını yaratdıq. Onun iştirakçıları ümumi məqsəd naminə işləmək istəyənlərdir. Biz təkcə döyüş əməliyyatları zamanı zədələnmiş obyektləri bərpa etməyə çalışmırıq, məqsədimiz ölkənin dağıdılmış ərazisini təzələməkdir. Təcrübəmizə əsaslanaraq, biz enerji və istilik qənaəti sahəsində ən yaxşı dünya texnologiyalarını nəzərə alaraq ölkənin yeni, daha təhlükəsiz, daha səmərəli və təkmilləşdirilmiş versiyasını qurmağa çalışırıq.

Bu işi genişləndirmək üçün Esri (ABŞ) və "Elektron Ukrayna" ictimai təşkilatı ilə birgə ümummilli portal həyata keçiririk. İctimai birlik Kiyev vilayətində və digər bölgələrdə hərbi əməliyyatlardan zərər çəkmiş icmalarla qarşılıqlı əlaqədə olur, dağıntıları aradan qaldırır və bu regionların bərpası üçün investisiyalar axtarır. Bu günə qədər portaldan ən çox zərər çəkən Buça, Makarov, İrpen, Çerniqov, Nikolayev, Xarkov şəhərləri üçün fəal şəkildə istifadə edilir. Ukrayna Liqası tərəfindən yaradılmış portal Ukrayna və xarici biznes nümayəndələri, investorlar, beynəlxalq donorlar, dövlət qurumları, nazirliklər və ictimaiyyət arasında qarşılıqlı əlaqə üçün unikal platformadır”, - deyə Anar Rəfiyev bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.