CƏMİYYƏT
Anastasia Lavrina: Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev güclü, xarizmatik şəxsiyyət, fenomenal siyasət və dövlət xadimi idi. Ən böyük güc onun dərin və universal biliyində, qətiyyətində, zəhmətsevərliyində, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, müdrikliyində və vətənə, xalqına məhəbbətində idi. O, ölkənin hər bir uğuruna səmimi-qəlbdən sevinir, qonşu Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının hər kəsin taleyinə düşdüyü, bu işğalçılıq siyasətinin yaranmasına səbəb olan əzab-əziyyətini ürəyində ağrı ilə yaşayırdı.
1990-cı illərin əvvəllərində Heydər Əliyev öz işləri ilə hamıya göstərdi ki, onun üçün şəxsi mənafe və karyera deyil, Azərbaycan xalqının mənafeyi və azadlığı, ölkənin müstəqilliyi və firavanlığı ön plandadır. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə bağlı açıq bəyanatla çıxış edib, Azərbaycan xalqına qarşı cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Heydər Əliyev 1991-ci ilin iyulunda Qarabağda alovlanmış münaqişə ilə əlaqədar olaraq SSRİ rəhbərliyinin siyasətinə etirazını bildirərək Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina ifadə edib.
O bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin ən çətin vaxtında ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. O, Azərbaycanı durmadan inkişaf edən dövlətə çevirərək ölkəni iqtisadi, siyasi və hərbi böhrandan çıxarıb. Ümummilli Lider bir çox Qərb siyasətçilərinin Azərbaycanın yerini xəritədə çətinliklə tapa bildiyi vaxtda hakimiyyətə qayıtdı və çox qısa müddətdə ölkəni elə bir vəziyyətə gətirdi ki, bir çox Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları fəxrlə Azərbaycanı regionda mühüm strateji tərəfdaş adlandırmağa başladılar.
“Bir ölkənin inkişafı vətəndaşlarının birliyindən çox asılıdır. SSRİ-nin dağılması, Birinci Qarabağ müharibəsi, ölkədəki separatçı hərəkatlar Azərbaycan xalqına güclü təsir göstərdi. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Ümummilli Lider Azərbaycan xalqını vahid məqsəd ətrafında birləşdirərək, ölkənin inkişafı naminə birgə fəaliyyət göstərməyə, ümumi dəyərləri əsas götürməyə, tarixi yaddaşı bərpa etməyə, işıqlı gələcəyə inanmağa nail olub. Ulu öndər Heydər Əliyev milli və dini müxtəlifliyin rolunun vacibliyini göstərərək, dövlət quruculuğunda milli kimliyin mənasını və əhəmiyyətini soydaşlarına çatdıra bilmişdir. Azərbaycan xalqı bütün etnik qrupların hüquqlarına, mədəni-mənəvi dəyərlərinə hörmət əsasında yenidən öz gücünə inandı. Bu ideologiya təkcə Azərbaycan ərazisində yaşayan xalqları deyil, bütün dünyada yaşayan azərbaycanlıları birləşdirdi”, - deyə A.Lavrina vurğulayıb.
Ümummilli Lider vaxtilə demişdir: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
YAP Gənclər Birliyinin üzvü qeyd edib ki, bu gün Azərbaycanda yaşayan bütün etnik xalqlar fəxrlə özlərini azərbaycanlı adlandırırlar. Ulu Öndər milli qürur simvoluna çevrilib. Azərbaycan xalqının birliyi 2020-ci ilin payızında baş verən Vətən müharibəsində böyük Qələbənin əldə olunmasında rol oynayan mühüm amillərdən biridir.
“Ümummilli lider Heydər Əliyev uzaqgörən siyasi xadim idi, daim ölkənin uzunmüddətli inkişaf perspektivlərini düşünərdi. O, Azərbaycanın dünya siyasi arenasında layiqli yerini təmin etmək üçün strateji coğrafi mövqedən, güclü iqtisadi potensialdan məharətlə xalqın rifahı naminə istifadə etdi. O, Xəzərin enerji resurslarının Avropa bazarına nəqli üzrə layihələrin başlanmasının əsasını qoymuşdur. Artıq bütün dünya Azərbaycanı mühüm ölkə - Avropa-Qafqaz-Asiya tranzit dəhlizi kimi görür”, - deyən A.Lavrina diqqətə çatdırıb ki, Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquqa hörmət, sərhədlərin bütövlüyü və toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Ümummilli Liderin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Liderin qoyduğu yolu inamla davam etdirir, Azərbaycan qarşısında yeni parlaq perspektivlər açan siyasi kurs həyata keçirir.