SİYASƏT
Anastasiya Pojar: Ulu öndər Heydər Əliyev azərbaycançılıq siyasətinin müəllifidir
Kiyev, 5 may, AZƏRTAC
Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev azərbaycançılıq siyasətinin müəllifidir.
Filologiya elmləri namizədi, ekspert Anastasiya Pojar bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri bütün istiqamətlərdə böyük uğurlar qazanıb, dünyanın aparıcı ölkələri ilə Azərbaycan arasında iqtisadi, siyasi, elmi, mədəni, humanitar və diplomatik münasibətlərin inkişafına xüsusi diqqət yetirib.
A.Pojar deyib: “Ulu Öndərin müdrik və uzaqgörən siyasəti Azərbaycanı dünyanın ən çox inkişaf etmiş ölkələri ilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Belə ölkələrdən biri olan Ukrayna Azərbaycanın ən etibarlı strateji tərəfdaşlarındandır”.
Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, ukraynalı ictimai və siyasi xadimlərin çoxu ulu öndər Heydər Əliyevi Azərbaycan ilə Ukrayna arasında dostluğun banisi hesab edir. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə onun Ukrayna qarşısında böyük xidmətləri olub. O, Ukraynada bir sıra iri sənaye müəssisələrinin, zavodların, mədəniyyət və idman komplekslərinin tikintisinə fəal kömək edib. Ukrayna xalqı Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı qərarlar qəbul edilməsində Heydər Əliyevin xidmətlərini dərin minnətdarlıq hissi ilə xatırlayır.
Ekspert Anastasiya Pojar vurğulayıb: “Ölkələrimiz müstəqillik əldə edəndən sonra Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında möhkəm təmələ əsaslanan dostluq münasibətləri qurulması üçün öz tarixi missiyasını bacarıqla yerinə yetirib. Bu gün Azərbaycan və Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınır”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev