CƏMİYYƏT
“Anatolian Phoenix – 2023” beynəlxalq təlimi başlayıb

Bakı, 5 iyun, AZƏRTAC
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anatolian Phoenix – 2023” (“Anadolu Ankası – 2023”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə təlimin ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
İyunun 16-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edəcək.