ORDU
“Anatolian Phoenix – 2023” beynəlxalq təlimində paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib VİDEO


Bakı, 9 iyun, AZƏRTAC
Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2023” ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq, beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.
Ssenariyə əsasən, təlim iştirakçıları qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti uğurla icra ediblər.
Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.
Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edirlər.