İQTİSADİYYAT
Andrey Kozlov: “AITF” sərgisi Azərbaycanın turoperatorları ilə sıx əməkdaşlığa şərait yaradır
Bakı, 8 aprel, AZƏRTAC
Biz Azərbaycan turoperatorları ilə sıx əməkdaşlıq edirik və turizm agentlikləri ilə birbaşa iş aparmaq üçün öz siyasətimizi formalaşdırırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “AITF” sərginin iştirakçısı olan “Terra Minora” şirkətinin şöbə müdiri Andrey Kozlov deyib. O bildirib ki, “Terra Minora”nın baş ofisi Moskvadadır, habelə şirkət Latviya və İspaniyada şöbələri olan beynəlxalq turoperatordur. Şirkət 2010-cu ildə təsis edilib və fərdi turizm sahəsi üzrə ixtisaslaşıb.
“Bizim xeyli sayda turizm qruplarımız var və əsas turizm marşrutlarımız Baltikyanı ölkələr, BƏƏ, Tailand, Amerika Birləşmiş Ştatları və digər istiqamətlərdir. Biz Azərbaycanı “AITF” sərgisi vasitəsilə də təbliğ edirik. “Terra Minora” şirkəti Azərbaycan turoperatorlarına yaxşı tanışdır. Bununla yanaşı, biz həmişə sərgidə yeni istiqamətlərlə iştirak etməyə çalışırıq. Bizim builki yeniliyimiz İspaniyanın Kosta-de-Sol sahillərindəki villa və apartamentlərin alğı-satqısı və icarəsi üzrə hüquqi dəstəkdir. Buna görə də, əməkdaşlıq qurmaq və tərəfdaşlıq bazasını genişləndirmək üçün stendimizdə köhnə dostlar və yeni şirkətlərin yolunu gözləyirik”, - deyə A.Kozlov bildirib.