DÜNYA
“Android 9.0 Pie” sistemində telefon zənglərini qeydə almaq mümkün olmayacaq
Bakı, 16 avqust, AZƏRTAC
"Google" şirkəti ötən həftə "Android P" mobil əməliyyat sisteminin yekun versiyasını təqdim edib və adını "Android 9.0 Pie" ("Piroq") olaraq açıqlayıb. Yenilənmiş mobil əməliyyat sistemində bir sıra yeni funksiya və təkmilləşdirmələr edilib, ancaq bu məhdudiyyət istifadəçiləri çox məyus edə bilər.
AZƏRTAC "XDA Developers" resursuna istinadla xəbər verir ki, "Android 9.0" sisteminin idarəetməsi altında işləyən qurğuların istifadəçiləri "root" hüquqa sahib olmadan telefon zənglərini qeydə ala bilməyəcək.
Bundan əvvəl "Google" telefon danışıqlarının qeydə alınması ilə mübarizə aparmaq cəhdlərinə artıq təşəbbüs edib. Məsələn, 2015-ci ildə "Google" şirkəti "Android 6.0 Marshmallow" sistemində telefon zənglərinin qeydə alınması məqsədilə istifadə edilən rəsmi API-yə girişi bağlamışdı. Həmin vaxt kənar proqram tərtibatçıları alternativ həllərdən istifadə etmişdilər, ancaq mobil əməliyyat sisteminin yeni versiyasında bundan istifadə qeyri-mümkündür. Telefon zənglərini qeydə alan "Call Recorder" və "Call Recorder – ACR" kimi populyar proqramların tərtibatçıları artıq bu informasiyanı təsdiq ediblər.