REGİONLAR


Ənənələri folklor nümunələrimizdə yaşadan ləzgi ansamblı

Ənənələri folklor nümunələrimizdə yaşadan ləzgi ansamblı

Qusar, 21 fevral, Elxan Yusifli, AZƏRTAC

Qusarın “Mel” ansamblı folklorun çoxəsrlik ənənələrini yaşadan, gənc nəslə təbliğ edən kollektivlərdəndir. Novruz bayramı ilə əlaqədar şimal bölgəsində təşkil olunan mərasimlərdə bu folklor ansamblının özünəməxsus yeri var.

Ansambl Qusar rayonun Hil kəndində fəaliyyət göstərir. Folklor qrupun növbəti məşqlərində iştirak edib, yaradıcılıqları ilə yaxından tanış olmaq üçün kənd klubuna üz tuturuq. Qarşımıza bulaqdan səhənglə su gətirən kənd sakini, eyni zamanda, ansamblın üzvü Mayisə Məhsimova çıxır.

Görüşümüz Su çərşənbəsinə təsadüf etdiyindən Mayisə Məhsimova ilə Novruz mərasimlərində su ilə bağlı ayin və adətlər haqqında söhbət etdik: “Əzəl çərşənbədə qızlar, gəlinlər səhənglərini çiyninə salıb sübh tezdən bulaq başına gedirlər. Subay qızlar suya gələcəklə bağlı arzularını danışır, niyyət edirlər. Təzə bulaq suyunu gətirib, öncə evin dörd bir yanına səpirik. Bunu evlərimizə bol ruzi-bərəkət gətirsin deyə edirik. Bu çərşənbədən başlayaraq təbiət oyanır. Təbiətlə bərabər, insanlar da aktivləşməyə, bağda, tarlada işləməyə başlayırlar”, - deyə Mayisə Məmmədova söyləyib.

Sonra klubda “Mel” ansamblının bayram mərasimlərinə hazırlıq proqramı ilə tanış oluruq. Adətən hazırlıqlar açıq havada keçirilir. Amma bu günlər çöldə şaxtalı hava müşahidə olunduğundan kollektiv kənd klubunda məşq edir.Hil kəndində folklor ansamblının yaranma tarixi ötən əsrin 70-ci illərinə gedib çıxır. 1978-ci ildə kənd mədəniyyət evində yaradılan “Mel” folklor ansamblı yerli əhalinin qədim iməcilik adəti olan melin təbliği ilə məşğuldur. Ansambl həmin vaxt sovxozun fəhlələrindən, məktəblilərdən və mədəniyyət evinin işçilərindən təşkil olunmuşdu. Kollektiv 1987-ci ildə keçirilən II Respublika festivalının laureatı olmuş ansambla həmin il “Xalq kollektivi” adı verilib.

 

“Mel” kollektivinin bədii rəhbəri Xüzəmməd Paşayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təqdim edilən əsas kompozisiyalardan birində gəlin köçən qızın cehiz hazırlığı təsvir olunub. Burada toy hazırlıqlarını vaxtında yekunlaşdıra bilməyən ailəyə iməcilik təşkil olunaraq kömək edilir. “Mel” sözünün mənası da elə könüllü iməcilik deməkdir. Eyniadlı folklor ansamblının təqdim etdiyi musiqili quruluşlarda da bu, öz əksini tapır.

Məlumdur ki, gəlin köçəcək qızın cehiz hazırlığı prosesi asan iş deyil. Folklor qrupu xalça, kilim toxunması, yun əyirib yorğan-döşək salınması və başqa bu kimi işləri el nəğmələrinin müşayiəti ilə təqdim edir. Təqdimat özündə əməyi, yardımsevərliyi təbliğ etməklə yanaşı, elin xeyir-duası ilə qurulan ailələrin möhkəmliyini də ehtiva edir.

“Bayram tədbirlərində maraqlı təqdimatlarla çıxış edirik. Elimizin adəti var ki, gəlin köçən qızın adına xalça toxunar, cehiz kimi verilər. Cehizlik xalça rəngarəng olmalıdır. Mən də rəngli xalça toxuyuram. Təqdimatımızı izləyənlər qədim adətlərimizdən xəbər tuturlar. Bizim də əsas məqsədimiz folklorumuzu yaşatmaqdır”, - deyə folklor kollektivinin üzvü Limanə Laçınova bildirib.

"Mel" kollektivinin bayram şənliklərində təqdim etdiyi quruluşda diqqəti çəkən məqamlardan biri də ansambl üzvlərinin nehrə çalxalamağı, beşik başında layla deyə-deyə corab toxumağıdır. Bu, köçən qızın hələ ata evində bütün ev işlərini, uşaq saxlamağı, bir sözlə, evdarlığı öyrənməyinin vacib olduğuna işarədir. Kollektiv Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalında da iştirak edib və maraqlı çıxışla yadda qalıb, səs-sorağı dünyaya yayılıb.

Kollektivin bədii rəhbəri Xüzəmməd Paşayev deyib ki, folklor qrupunun üzvləri bayram tədbirlərində yerli sakinlərlə bir yerdə toplaşır, qədim mahnıları səsləndirir, müxtəlif əyləncəli oyunlar keçirir və rəqs edirlər: “Novruz bizim ən sevimli bayramlarımızdandır. Biz hamımız Novruz çərşənbələrinin maraqlı adətlərini yaxşı xatırlayırıq. Bu ənənələri folklor nümunələrimizdə yaşatmaqla unudulmağa qoymuruq. Su çərşənbəsi münasibətilə bütün xalqımız təbrik edirəm. Qoy camaatımız həmişə bayram əhvallı olsun”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.