ELM VƏ TƏHSİL


“Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsi yekunlaşıb

Bakı, 13 avqust, AZƏRTAC

Avropa İttifaqının maliyyələşdirdiyi “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsi uğurla başa çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən qismən maliyyələşdirilən və İçərişəhər Administrasiyası ilə birgə icra edilən layihə ötən üç il ərzində 100-dən artıq əlilliyi olan və olmayan gəncin inklüziv peşə təhsili proqramlarına çıxış imkanlarının artırılmasına dəstək olub. Layihənin dəstəyi ilə Azərbaycanın İncəsənət və Sənətkarlıq üzrə ilk İnklüziv Təlim Mərkəzi təsis edilib, daha sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə köçürülüb.

Layihə çərçivəsində 112 nəfər əlilliyi olan və olmayan tələbə inklüziv təhsil proqramından faydalanıb. Müxtəlif çətinlikləri olan 20 tələbə isə özünüməşğulluq layihələrini təqdim edərək kiçik qrantlar əldə edib. Əlavə olaraq 50 videodərs hazırlanaraq layihənin yutub kanalında yerləşdirilib və bütün vətəndaşların istifadəsinə verilib. Eləcə də ənənəvi incəsənət sahələri üzrə 4 kurikulum və 11 tədris modulu hazırlanıb və müvəffəqiyyətlə sınaqdan keçirilib.

Layihə çərçivəsində Buzovnada yerləşən peşə təhsil müəssisəsi yeni avadanlıq və materiallarla təchiz olunub və iki otaq təmir edilərək peşə emalatxanası kimi istifadəyə verilib.

Bundan əlavə, incəsənət müəllimləri, xüsusi xidmət təminatçıları, xüsusi pedaqoq-təcrübəçilər, peşə təhsil müəssisələrinin müəllimləri və psixoloqları, direktor və direktor müavinləri üçün inklüziv təhsil üzrə potensialın gücləndirilməsi üçün xüsusi proqram keçirilib. Məqsəd bu mütəxəssislərin müxtəlif əlillikləri olan gənclərlə işləməsi üçün daha yaxşı hazırlığını təşkil etmək olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyi öz növbəsində inklüziv təhsil proqramlarını davam etdirmək və ölkə üzrə inklüziv təhsilin peşə təhsili şəraitində inteqrasiyasını daha da inkişaf etdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.