REGİONLAR


Ənənəvi tibbə əsaslanan alternativ müalicə metodları qədim tarixə malikdir

Naxçıvan, 24 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Alternativ tibb metodunun tətbiqi məsələləri” mövzusunda respublika elmi konfransında bu sahədə müasir dövr üçün aktual olan məsələlərlə bağlı əldə edilən müsbət nəticələr diqqətə çatdırılıb.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru Elbrus İsayev ənənəvi tibbə əsaslanan alternativ müalicə metodlarının qədim tarixə malik olduğunu bildirib. Universitetin xəstəxanasında da hazırda bu üsulla müalicə metodlarının tətbiq edildiyi qeyd olunub.

“Xroniki qeyri-infeksion xəstəliklərin inteqrativ təbabətlə müalicəsi” adlı çıxışında Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Fikriyyə İbrahimli çıxışında bildirib ki, inteqrativ təbabət insan orqanizminin bütöv bir sistem kimi bütün proseslərlə əlaqəli olduğunu deyir. Dünyanın 38 ölkəsində tətbiq olunan bu müalicə üsulu diaqnoz və simptomları deyil, bütövlükdə insanı müalicə edir.

“COVID 19: Azərbaycanın antiviral bitkiləri” adlı çıxışında AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayeva ölkəmizin zəngin bitki örtüyünə malik olduğunu bildirib. Müasir dövrdə 1500-ə qədər dərman bitkisinin olduğunu diqqətə çatdıran professor vurğulayıb ki, bu dərman bitkilərinin 60 növü antiviral xüsusiyyətə malikdir.

AMEA Genetik Ehtiyatlar İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Sədrəddin Qurbanov “Kəskin respirator virus infeksiyalarının fitoterapiyası” adlı çıxışında diqqətə çatdırıb ki, yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirən kəskin respirator virus infeksiyaları zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişaları zədələnir. Kəskin respirator virus infeksiyaları yer üzərində ən çox yayılan və epidemiyaya meylli xəstəliklərdəndir. Bu gün dünyada pandemiya kimi yayılan koronavirus infeksiyası da respirator virus infeksiyalarının bir növüdür.

“Hirudoterapiya və onun effektivliyi” adlı çıxışında universitetin Ümumi təbabət və kliniki fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev vurğulayıb ki, tibbi zəlilər ilə icra olunan müalicə üsulu hirudoterapiya adlanır. Bəzi xəstəliklər zamanı hətta ənənəvi təbabətdən daha yaxşı nəticə verən bu üsulla ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və digər xəstəlikləri müalicə etmək mümkündür. Hazırda Naxçıvan Dövlət Universitetinin Xəstəxanasında zəli ilə müalicə kabinəsi fəaliyyətə başlayıb və artıq 35 nəfər bu üsulla müalicə olunub.

Konfrans öz işini “Fitoterapiya ilə müalicə metodları”, “Ümumi təbabət” adlı bölmələrdə davam etdirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.