DÜNYA
Angela Merkel növbəti kansler seçkilərində namizədliyini irəli sürməyəcək
Bakı, 29 oktyabr, AZƏRTAC
Angela Merkel Almaniyanın kansleri postuna 2021-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib.
AZƏRTAC bu barədə “Bild” qəzetinə istinadla xəbər verir. “Mən 2021-ci ildə keçiriləcək seçkilərdə Almaniya kansleri postuna və ya deputatlığa, həmçinin digər siyasi vəzifələrə namizədliyimi verməyəcəyəm”, - Angela Merkel Berlin şəhərində keçirilən mətbuat konfransında belə deyib. Almaniya kansleri, həmçinin dekabrda keçiriləcək Xristian Demokratik İttifaqı (XDİ) partiyasının sədri postuna seçkilərdə də namizədliyini irəli sürməyəcəyini təsdiqləyib.
Qəzetin məlumatına əsasən, Merkel bu addımı federal Hessen torpağında keçirilən seçkilərdə XDİ-nin səs itirməsi fonunda atıb. Xristian Demokratik İttifaqı bu seçkilərdə 27 faiz, Sosial-Demokrat Partiyası 19,8 faiz, “Yaşıllar” 19,8 faiz, “Almaniya üçün Alternativ” partiyası 13,1, Azad Demokratik Partiya 7,5 faiz “Solçular” isə 6,3 faiz səs toplaya bilib. Beləliklə, XDİ 2013-cü ildə keçirilən əvvəlki seçkilərlə müqayisədə 11,3 faiz səs itirib.
Angela Merkel 2000-ci ildən Xristian Demokratik İttifaqına, 2005-ci ildən isə Almaniya hökumətinə rəhbərlik edir. Mart ayında ardıcıl olaraq dördüncü dəfə kansler postuna seçilən siyasətçinin səlahiyyətləri 2021-ci ildə sona çatır.