DÜNYA


Angela Merkelin potensial sələfi Anneqret Kramp-Karrenbauer haqqında nə məlumdur?

Berlin, 2 noyabr, AZƏRTAC

Kramp-Karrenbauer üç uşaq anası, 18 yaşından XDİ-nin üzvüdür. 18 ildir ki, əyalət səviyyəsində və federal səviyyədə rəhbər vəzifələr tutur, baş katib vəzifəsinə seçilənə qədər AFR-in ən kiçik federal əyaləti olan Saar federal əyalətinə rəhbərlik edib.

AZƏRTAC xəbər verir ki, indiyə qədər Kramp-Karrenbauer öz karyerasının ən müxtəlif mərhələlərində və müxtəlif sferalarda uğur qazanıb, buna görə onu çox vaxt “universal silah” adlandırırlar.

Belə hesab edirlər ki, XDİ-də ali partiya vəzifəsi uğrunda mübarizə aparacaqlarını elan etmiş bütün namizədlər arasında Anneqret Kramp-Karrenbauer (onu qısaca AKK adlandırırlar) öz siyasi baxışlarına görə Merkelə hamıdan yaxındır. Bununla belə, Anneqret Kramp-Karrenbauer indiki kanslerdən daha mühafizəkar siyasətçidir. Hərçənd, o, özü bunu başqa cür ifadə edir: “xristianların insan haqqında təsəvvürü”nü öz partiyasının ideologiyasının əsası adlandıran AKK XDİ-nin “sadəcə, mühafizəkar partiya”ya çevrilməsini istəmir.

AKK üçün “xristian” sözü “demokrat” ilə birlikdə çox mühüm atributdur. Bununla bağlı bir nümunə: yerli məhkəmələrdən biri məhkəmə iclasları keçirilən zaldakı xaçın oradan götürülməsini qərara alanda AKK bu qərara etiraz etmişdi. Dindar katolik və alman katoliklərinin Mərkəzi Komitəsinin üzvü olan Kramp-Karrenbauerin fikrincə, xristianlığın simvolu olan xaç “insanın yer üzünün əşrəfi” olmadığını və “onun itaət etməli olduğunu” xatırladır.

Anneqret Kramp-Karrenbauerin partiya yoldaşlarının çoxu eynicinsli insanlar arasında nikahların tanınması haqqında Bundestaqın qərarının lehinə səs versələr də, o, özü həmin qərarı dəstəkləməyib. AKK hesab edir ki, klassik nikahlarla uşaqlı partnyorların birgə həyatının başqa formaları arasında dəqiq sərhəd olmalıdır. AKK, həmçinin abortların daha ciddi tənzimlənməsinin tərəfdarı və onların reklamına qarşı olduğunu bildirir.

2015-ci ildə Kramp-Karrenbauer Merkelin rekord sayda qaçqın qəbul etmək qərarını dəstəkləyirdi, amma, eyni zamanda, yorulmadan təkrarlayırdı ki, dinc yanaşı yaşamağın uğurlu olması üçün hamı Almaniyada müəyyən edilmiş qaydalara riayət etməlidir. AKK AFR-in hakimiyyət orqanlarında öz mənşəyi haqqında yanlış fikir oyadan miqrantlar barəsində daha sərt cəza tədbirləri görülməsinin, həmçinin sığınacaq verilməsi haqqında ərizələrinə rədd cavabı verilmiş insanların ölkəsindən ardıcıl olaraq qovulmasının tərəfdarıdır. AKK bəzən baxışları dəyişdirir, amma münaqişələrdən qorxmur və öz fikrini bildirir - hətta partiyada əksəriyyət onun fikri ilə razılaşmasa belə.

XDİ-nin lideri vəzifəsi uğrunda mübarizədə Anneqret Kramp-Karrenbauerin qalib gəlmək şansını lazımınca qiymətləndirməmək düzgün olmaz. Doğma Saar əyalətində uğur qazanmasına baxmayaraq, o, Berlində uzun az tanınan fiqur olub. 2010-cu ildə, Kramp-Karrenbauer XDİ-nin rəyasət heyətinə üzvlük uğrunda ilk dəfə mübarizə aparanda, o, cəmi 57 faiz səs toplaya bilmişdi. Bu gün isə vəziyyət dəyişib: 2018-ci ilin əvvəlində o, XDİ-nin qurultayında nümayəndələrin 98,9 faizinin səsini toplayaraq, baş katib vəzifəsinə qeyd-şərtsiz və alternativsiz seçilib.

Angela Merkelin digər potensial sələfləri Fridrix Mers və Yens Şpandır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.