ELM VƏ TƏHSİL
“Anglo Asian Mining” şirkətinin nümayəndələri Azərbaycan-Fransız Universitetində
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan-Fransız Universitetinin (UFAZ) idarə heyəti “Anglo Asian Mining” şirkətinin nümayəndələri ilə görüşüb.
UFAZ-dan AZƏRTAC-a bildiriblər ki, öncə qonaqlar Strasburq Universitetinin mühəndisləri tərəfindən inşa edilmiş UFAZ-ın elmi-tədris laboratoriyası ilə tanış olublar.
Universitetdə tədris edilən ixtisaslar, magistratura proqramı və təcrübə imkanları haqqında qonaqlara geniş məlumat verən UFAZ-ın baş katibi Yelizaveta Bidanova ali təhsil müəssisəsində yüksək keyfiyyətdə təhsil imkanları olduğunu vurğulayıb.
“Anglo Asian Mining” şirkətinin Geologiya və mədən şöbəsinin direktoru Stefen Vesthed gələcəkdə reallaşdırılacaq magistratura sahəsi üzrə tədqiqat istiqamətində əməkdaşlıq haqqında danışıb. Bu cür görüşlərin hər iki qurum arasında geniş əlaqələrin yaranmasında müsbət rol oynayacağını deyən direktor UFAZ tələbələrinin “Anglo Asian Mining” şirkətində təcrübə keçmək və gələcəkdə geofizika sahəsi üzrə şirkət mütəxəssislərinin universitetdə mühazirə aparmaq kimi imkanları ola biləcəyindən bəhs edib.
Görüşdə UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, Təhsil departamentinin müdiri Lətifə Nəsibova, Geofizika üzrə proqram koordinatorları Elşən Abdullayev və Fidan Aslanzadə, “Anglo Asian Mining” şirkətinin kəşfiyyat geologiya meneceri Anar Vəliyev iştirak ediblər.
Qeyd edək ki, şirkətin əsas əməliyyatları Azərbaycanda 1062 kvadrat kilometr ərazi üzrə üç müqavilə sahəsini əhatə edir. Şirkət 2009-cu ilin may ayından Gədəbəydəki açıq mədənində qızıl istehsalına başlayıb. Gədəbəy açıq karxanasından 700 metr məsafədə yeraltı mədən olan “Qədir” 2015-ci ildən, emal müəssisələrindən 3 kilometr məsafədə yerləşən qızıl filizi yatağı “Uğur” isə 2017-ci ilin sentyabr ayından istehsal prosesini həyata keçirir.