SİYASƏT
Anım Günü İtaliya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub
Roma, 29 sentyabr, AZƏRTAC
İtaliya kütləvi informasiya vasitələrində 27 Sentyabr - Anım Günü ilə əlaqədar çoxsaylı məlumatlar dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Askanews”, “Yahoo Notizie”, “Kmetro0”, “Agenzia Nova” kimi mətbuat orqanları Azərbaycan Xarici İşlər Nazirliyinin Anım Günü ilə əlaqədar bəyanatını yayıb.
Habelə Anım Günü ilə bağlı İtaliyada keçirilmiş anım mərasimləri də yerli mətbuatın diqqətində olub. “Giornale Diplomatico”, “Askanews”, “Notizie Yahoo”, “Globus Magazine”, “Metroct”, “İl Corriere di Sicilia”, “Agenzia Nova”, “Kmetro0” kimi mətbuat orqanlarında Roma şəhərində yerləşən İtaliya İslam Mədəniyyət Mərkəzi-Roma Böyük Məscidində, “Santa Maria della Mercede” kilsəsində, habelə Kataniya şəhərində yerləşən “San Camillo dei Mercedari” kilsəsində keçirilmiş anım mərasimləri barədə məlumatlar dərc olunub.
Eyni zamanda, “Agenzia Nova” xəbər agentliyinin saytında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Anım Günü ilə əlaqədar geniş müsahibəsi də yayılıb. Müsahibədə diplomat Anım Gününün əhəmiyyəti, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünün ağır nəticələri, Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərdə həyata keçirilən yenidənqurma işləri və bölgədə davamlı sülhün bərqərar olması üçün ölkəmizin həyata keçirdiyi tədbirlərdən danışıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma