REGİONLAR
Anım Günü ilə bağlı interaktiv dərs Naxçıvanın 200-dən çox təhsil müəssisəsində izlənilib
Naxçıvan, 27 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyində “27 sentyabr - Anım Günü” mövzusunda interaktiv dərs təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli məktəbin tarix müəllimi Şəhla Əliyeva tərəfindən aparılan dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.
Bildirilib ki, 2021-2022-ci tədris ilindən muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” tədris olunur. Şəhla Əliyeva qələbə qazandığımız 44 günlük Vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan və Hadrut qəsəbələri düşməndən azad edilib, Şuşa şəhərinə tarixi qayıdışımızdan sonra isə Ermənistan kapitulyasiyaya imza atmaq məcburiyyətində qalıb, məğlub olduğunu qəbul edib.
Vurğulanıb ki, böyük Qələbənin qazanılmasında Naxçıvandan olan hərbçilərimizin, xüsusi təyinatlılarımızın qəhrəmanlıqları da mühüm rol oynayıb. Vətən uğrunda döyüşlərdə Naxçıvan onlarla şəhid verib. Azərbaycan Respublikasının Prezidenti 10 noyabr tarixində Qələbə xəbərini xalqa çatdırarkən Naxçıvandan cəbhəyə yollanan igidlərimizin qəhrəmanlıqlarını da qeyd edib.
Diqqətə çatdırılıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il 27 sentyabr “Anım Günü”, 8 noyabr isə “Zəfər Günü” kimi qeyd ediləcək.