SİYASƏT
Anım Günü ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyində tədbir keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın Argentinadakı səfirliyində tədbir keçirilib.
Tədbirdə Türkiyə Respublikasının və Pakistan İslam Respublikasının Argentinadakı səfirləri də iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir Vətən müharibəsi zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Anım mərasimində çıxış edən səfir Rəşad Aslanov 27 sentyabr tarixinin Azərbaycan dövləti və xalqı üçün önəmi barədə məlumat verərək, Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini və Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdiyini bildirib. O, şəhid və qazilərimizin yazdığı qəhrəmanlıq salnamələrindən də danışıb.
R.Aslanov Anım Günündə Türkiyə və Pakistan səfirlərinin iştirakının xalqlarımız və ölkələrimiz arasında ənənəvi-tarixi qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyərək, Azərbaycana dost ölkələrin 44 günlük Vətən müharibəsi dövründə dəstəklərinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və unudulmayacağını deyib.
Daha sonra çıxış edən Türkiyə Respublikasının Argentinadakı səfiri Vural Altay Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda bir diplomat kimi çalışdığını və Azərbaycan dövləti və xalqının çətin günlərini yaxşı xatırladığını, eləcə də nəticəsiz qalan Minsk qrupunun danışıqlar prosesini yaxından izlədiyini, Ermənistanın işğalına son qoyaraq Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etməsinin tarixi ədalətin bərpası olduğunu deyib. “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq, Türkiyənin bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.
Anım mərasimində Vətən müharibəsinə həsr olunmuş videoçarx və anım guşəsi tədbir iştirakçılarına təqdim edilib.