CƏMİYYƏT
Anım Günü ilə əlaqədar Belarusun bir sıra şəhərlərində tədbirlər keçirilib
Kiyev, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən bu ölkənin Minsk, Vileyka, Mogilyov, Slutsk şəhərlərində və Oşmyan rayonunun Boruni, Smorqon rayonunun Kamenitsa kəndlərində 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini yad etmək məqsədilə bu müharibələrdə döyüşmüş azərbaycanlıların abidələri və Birinci Qarabağ müharibəsində həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı, əslən belaruslu mayor Anatoliy Davidoviçin məzarı ziyarət edilib.
Tədbirlər çərçivəsində şəhidlərimizin xatirəsinə yeni abidənin açılışı da baş tutub. Səfirlik əməkdaşları, hərbi attaşelik aparatının, diasporun üzvləri, dövlət qurumları və yerli ictimaiyyət nümayəndələri tərəfindən abidələrin önünə gül dəstələri qoyulub, azərbaycanlı döyüşçülərin, qəhrəmanlarımızın və şəhidlərin xatirəsi yad edilib.
Belarusun Qrodno vilayətinin Smorqon rayonunun Kamenitsa kəndində ilk azərbaycanlı hərbi pilot Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılan kompleksin sonuncu hissəsinin təntənəli açılış mərasimində çıxış edən səfir Ülvi Baxşəliyev 200-dən çox azərbaycanlı zabitin başqa xalqların nümayəndələri ilə birlikdə Birinci Dünya müharibəsində bütün cəbhələrdə qəhrəmancasına döyüşdüklərini bildirib.
General-leytenant Əli Ağa Şıxlınski, Səməd Bəy Mehmandarov, general Hüseyn xan Naxçıvanski və onun iki qardaşı Rəhim və Cəfərqulu xan Naxçıvanskilər kimi azərbaycanlı qəhrəmanların Birinci Dünya müharibəsi zamanı keçdikləri döyüş yolu barədə məlumat verib.
Səfir Smorqon və Oşmyan Rayon İcra hakimiyyətlərinin rəhbərləri və əməkdaşları ilə birgə Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə araşdırma işinin aparıldığını qeyd edib. 2021-ci ilin noyabrında Oşmyan Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, ictimaiyyətin, səfirliyin və diaspor nümayəndələrinin iştirakı ilə Fərrux ağa Qayıbovun büstünün açılışının baş tutduğunu xatırladıb. Səfir Fərrux ağa Qayıbovun xatirəsinə həsr edilmiş memorial kompleksinin sonuncu hissəsi olan “İlya Muromets 16” hərbi təyyarəsinin düşdüyü yerdə qoyulan abidənin açılış mərasimində iştirak etməkdən qürur hissi keçirdiyini bildirib.
Ü.Baxşəliyev Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərin xatirəsinə ehtiram olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixinin Azərbaycanda “Anım Günü” elan olunduğunu diqqətə çatdırıb
Səfir bu tarixin Azərbaycan xalqının qəlbində xüsusi yerinin olduğunu bildirib. 44 günlük Vətən müharibəsinin başladığı bu tarixdə Azərbaycanın ölkədə yaşayan bütün xalqların nümayəndələri ilə birlikdə ərazi bütövlüyünü bərpa etdiyini söyləyib.
Mərasimdə çıxış edən Smorqon Rayon İcra Hakimiyyətinin sədri Qennadiy Xorujik abidənin hazırlanmasında göstərdiyi təşəbbüsə və dəstəyə görə səfirliyə təşəkkürlərini bildirib. Belə tədbirlərin keçirilməsinin xalqlarımız arasında tarixi bağların daha da möhkəmləndirilməsinə töhfə verdiyi və gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında müstəsna rol oynadığı vurğulanıb.
Tədbir zamanı vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndirilib. Təyyarənin ekipajının və müharibələrdə həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə gül dəstələri qoyulub.
Sonra iştirakçılar Smorqon rayonunun Boruni kəndində olub, ekipaj üzvlərinin dəfn edildiyi məzarlığa gediblər. Fərrux ağa Qayıbovun büstünün, “İlya Muromets 16” təyyarəsi ekipaj üzvlərinə xatirə abidəsinin önünə gül dəstələri qoyulub.
Daha sonra abidənin yanında salınmış “Dostluq xiyabanı”nın lövhəsinin açılışı olub.
Tədbir iştirakçıları Boruni kənd orta məktəbinin muzeyində yaradılmış F.Qayıbova aid guşəni də ziyarət edib və pilotumuz haqqında yeni əlavə edilmiş eksponatla tanış olublar.
Məktəbdə müəllim heyəti və şagirdlərlə görüş keçirilib, Birinci və İkinci Dünya müharibələri ətrafında müzakirələr aparılıb. Sentyabrın 27-də Azərbaycanda Anım Gününün olduğu vurğulanıb və 44 günlük Vətən müharibəsində həyatını qurban vermiş şəhidlərimizin xatirəsi anılıb.
Anım Günü ilə əlaqədar səfirliyin əməkdaşları və hərbi attaşelik aparatının üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində döyüşərək həlak olmuş, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoliy Davidoviçin Slutsk şəhərində yaşayan anası Kima Andreyevna Davidoviçi ziyarət ediblər.
A.Davidoviçin məzarı ziyarət olunub və xatirəsi ehtiramla yad edilib. Milli Qəhrəmanın məzarının üzərinə gül dəstələri qoyulub. Ziyarətçilər qəhrəmanın anasının sağlamlıq durumu və məişət problemləri ilə maraqlanıb, onun dövlətimizin qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayıblar.
Kima Andreyevna öz növbəsində ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Mogilyov şəhərində isə Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun abidəsi önündə anım tədbiri keçirilib. Səfirlik əməkdaşlarının və bu şəhərdə yaşayan diaspor nümayəndələrinin iştirak etdikləri tədbirdə azərbaycanlı qəhrəmanların və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə gül dəstələri qoyulub.
Səfirliyin əməkdaşları tərəfindən Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə qoyulmuş barelyefinin və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Vileyka şəhərində ucaldılmış abidəsi qarşısında diaspor nümayəndələri ilə birlikdə anım tədbiri keçirilib.
Mərasimdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev