ELM VƏ TƏHSİL


Anım Günündə UNEC-də Memorial-xatirə kompleksinin açılışı olub

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-xatirə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə UNEC-in rəhbərliyi, professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin elm və təhsil sahəsi üzrə bir sıra rəsmiləri, türk dövlətlərinin aparıcı universitetlərinin rektorları və nüfuzlu alimləri, şəhid ailələri və qazilər də iştirak ediblər.

Açılışdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Sonra Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru professor Ədalət Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən söz açıb. Bildirib ki, 30 illik Vətən həsrətinə son qoyan parlaq Qələbə dövlətimizin, xalqımızın gücünü bütün dünyaya göstərdi.

Rektor şəhidlərin qanı, qazilərin canı bahasına əldə etdiyimiz Qələbəyə görə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin, şəhidlərin ruhu qarşısında baş əydiyini, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Tədbirdə iştirak edən Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alparslan Ceylan qardaş dövlətin əldə etdiyi qələbədən qürur duyduğunu, dünya durduqca şəhidlərin var olacağını, yaşayacağını deyib.

Sonra şəhidlər Əsəd Əsədli, Əhmədağa Novruzov, Yusif Mirzəyev, Teymur Məcidzadə, Hikmət Şıxməmmədov, Mahir Mirzəyev və Anar Qarayevin ailə üzvləri, Vətən müharibəsi qaziləri Həmid İsgəndərov və Nicat Səmədli çıxış ediblər. Şəhidlərimizin həyat yolunun yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvü Aytac Babayeva “Türkiyə-Azərbaycan”, “Dəmir yumruq” şeirlərini səsləndirib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş UNEC-in tələbə və məzunları haqqında dərc olunan “UNEC şəhidləri” kitabının təqdimatı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.