REGİONLAR
Anım Günündə Xaçmaz və Qubada ağacəkmə aksiyası keçirilib
Xaçmaz, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Xaçmaz və Quba rayonlarında ağacəkmə aksiyası və silsilə anım tədbirləri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, təşkilat və müəssisələrin kollektivləri Xaçmaz-Xudat yolunun kənarında müxtəlif ağac tingləri əkiblər.
Daha sonra anım tədbiri Şəhidlər xiyabanında davam etdirilib. Xiyabanda alovlanan məşəlin önünə əklil qoyulub, Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü ziyarət edilib, şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzülüb.
Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə görüşü zamanı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin vacib olduğunu vurğulayıb. Güclü ordumuz sayəsində düşmən təxribatlarının qarşısının qətiyyətlə alındığı qeyd edilib.
X X X
Quba Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi ağacəkmə aksiyasında müxtəlif təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və könüllülər iştirak ediblər.
Sonra rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramlarını bildirib, ölkə rəhbərliyinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar.
Çıxışlardan sonra rayon məktəbliləri tərəfindən şəhidlərimizə həsr olunan və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.