ELM VƏ TƏHSİL
Anım Gününə həsr olunan tədbir: Qürur tariximiz
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Anım Gününə həsr olunan “Qürur tariximiz” adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaqdan ibarət olub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızı işğaldan azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını söyləyib, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Xalq artisti Nurəddin Mehdixanlı Vətən müharibəsində ordumuzun göstərdiyi şücaətdən bəhs edərək sentyabrın 27-nin ölkəmiz üçün Qələbənin başlanğıc tarixi olduğunu bildiriblər.
Layihə çərçivəsində Mərkəzin bədii qiraət, teatr, rəqs, vokal dərnəyinin istedadlı və fəal uşaqlarının iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib. Rəsm, dizayner, dekotariv-tətbiqi sənət ilə məşğul olan uşaqlar və gənclər Qarabağ atlarının təsviri olan böyük və kiçik maketlərin üzərində kompozisiyalar işləyib, müxtəlif materiallarda rəsmlər çəkiblər. Həmçinin Mərkəzin gənc rəssamlarının vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlər sərgilənib.