MƏDƏNİYYƏT
Anım Gününə həsr olunmuş rəsm sərgisi açılacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaqdır.
Sərgidə iştirak etmək istəyən rəssamlar sentyabr ayının 20-dək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə [email protected] ünvanına göndərə bilərlər.
Qeyd edək ki, sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.