İDMAN
Aniş Giri: Karuana yaxşı başladı, amma onun qarşısını almaq mümkün oldu



Şəmkir, 21 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
“Oyunda qalib gələcəyimi düşünürdüm. Əla fürsət yaranmışdı, amma dəyərləndirə bilmədim. Ona görə çox pis oldum. Bu gün qələbəyə çox yaxın olsam da, yarım xalla kifayətləndim. Səhvim ucbatından qələbə qazana bilmədim”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliya şahmatçısı Fabiano Karuana Vüqar Həşimov memorialının beşinci turunda hollandiyalı Aniş Giri ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Aniş Giri də rəqibinin oyunla bağlı fikirləri ilə razılaşaraq bildirib: “Karuana haqlıdır. Məğlubiyyət yaxın idi. Rəqibin aşkar üstünlüyü hiss olunurdu. Partiyada dönüş çətinliklə alındı. Fabiano Karuana yaxşı başladı, amma onun qarşısını almaq mümkün oldu. Nəzərə alsaq ki, məğlubiyyəti hiss edirdim, heç-heçə mənim üçün yaxşı nəticədir. Beş turdan sonra çıxışımı müsbət qiymətləndirməzdim. Təəssüf ki, o qədər yaxşı oynamıram. İstirahət günündən sonra oyunda dəyişiklik etmək lazımdır”.
Fabiano Karuana istirahət günündə həmkarları ilə futbol oynamaq təklifini müsbət dəyərləndirib. O bildirib ki, sabah tur yoxdur. Ona görə futbol oynamaq olar. Bilmirəm, Maqnusun komandasında yer alacağam, ya yox, amma futbol oynamaq yaxşı olardı.