MƏDƏNİYYƏT
Anita Tsoy: “Jara” insanları və xalqları bir-birinə yaxınlaşdırır
Bakı, 29 iyul, AZƏRTAC
“Jara” festivalına məxsusi hazırlaşmışam. Festivalın başlamasına hələ on gün qalmış sosial şəbəkədə bu möhtəşəm musiqi bayramı ilə bağlı fikirlərimi paylaşmışam. “Jara” mənim səbirsizliklə gözlədiyim festivaldır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın Əməkdar Artisti Anita Tsoy səsləndirib.
Bakıda əvvəllər də bir neçə dəfə olduğunu qeyd edən qonaq ölkəmiz və onun sakinləri barədə təəssüratlarını bölüşüb: “Azərbaycanlılar səmimi, qonaqpərvər, eyni zamanda, təəssübkeşdirlər. Hiss olunur ki, burada insanlar çətin anda bir-birinə kömək etməyə hazırdır. Bu isə çox yaxşı keyfiyyətdir”.
“Jara” festivalının insanları və xalqları bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə özünəməxsus töhfə verdiyini vurğulayan müğənni təşkilatçılara dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu möhtəşəm musiqi bayramının yaratdığı pozitiv əhvali-ruhiyyə və xoş təəssürat yaddaşlardan uzun müddət silinməyəcək.