REGİONLAR


Ankara Hacettepe Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

Sumqayıt, 5 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) keçirilən “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda beynəlxalq elmi konfransda respublikamızda fəaliyyət göstərən alimlər və mütəxəssislərlə yanaşı, Türkiyə, Türkmənistan və Rusiyanın bir sıra nüfuzlu ali məktəblərinin alimləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, beynəlxalq elmi konfrans çərçivəsində Ankara Hacettepe Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Konfransa 330-dan çox tezis daxil olub, onlardan 284-ü qəbul edilib. Tezislərdən 224-i respublikanın müxtəlif təhsil və elmi-tədqiqat müəssisələrindən, 60-ı isə xarici ölkələrdən – Rusiya, Türkiyə, Belarus, Türkmənistan, Özbəkistan, Ukrayna, Gürcüstan və İrandan göndərilib. Tezislər konfrans materialları toplusu şəklində nəşr edilib.

Beynəlxalq konfransın plenar iclasında çıxış edən universitetin rektoru, professor Elxan Hüseynov bildirib ki, milli mədəniyyətlərin perspektivlərinin, ümumdünya mədəni proseslərin, mədəniyyətlər arasındakı münasibət və əlaqələrin öyrənilməsi bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edən məsələlərdən olub. Lakin xalqlar, dövlətlər, ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrin getdikcə genişlənməsi, qloballaşma və inteqrasiya proseslərinin daha da dərinləşməsi ilə səciyyələnən müasir dövrdə bu məsələlər daha aktual xarakter daşımağa başlayıb.

“Dövrümüzün çağırışları və beynəlxalq münasibətlərdə baş verən köklü dəyişikliklər milli mədəniyyətlər qarşısında bir sıra yeni həlli vacib məsələlər qoyur”, - deyən rektor milli mədəniyyətlərin, milli-mənəvi dəyərlərin gələcək taleyinin indi bütün bəşəriyyəti düşündürən problemlərdən birinə çevrildiyini diqqətə çatdırıb. O, dünya qloballaşdıqca ayrı-ayrı xalqların ədəbi-bədii irsində qarşılıqlı təsirlərin, ortaq ideyaların meydana çıxdığını bildirib və bu baxımdan millətlərarası dialoqun formalaşmasında, xalqlar arasında əmin-amanlıq və sülhün inkişafında bədii ədəbiyyatın da öz payı olduğunu vurğulayıb.

Elxan Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyev milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının hüquqlarının qorunmasının təminatçısı idi. Xalqımızın milli inkişafında ədəbi fikrin və milli folklorun böyük təsiri olduğunu xatırladan rektor ümid edib ki, keçirilən bu konfrans əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.

Konfransda professorlar İfrat Əliyeva, Cəlil Nağıyev çıxış edərək müstəqillik dövrünün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq qarşısında açdığı geniş imkanlardan danışıblar. Bildirilib ki, konfrans gələcək nəsillərin Azərbaycan ədəbiyyatını öyrənmələrinə mühüm töhfə verəcək.

Sonra məruzələr dinlənilib. Vurğulanıb ki, çoxəsrlik Azərbaycan ədəbiyyatı daim insanlığı uca tutmağı, birgə yaşayışa ehtiram bəsləməyi, cəmiyyətdəki münasibətləri tarazlamaqla dialoqa və həmrəyliyə əsaslanmağı təbliğ edib. Bütün bunlar, öz növbəsində, Azərbaycan ədəbiyyatında milli dəyərlərlə yanaşı, bəşəri dəyərləri də qüvvətləndirib. Bu yolla ədəbiyyat cəmiyyətin inkişafında həmrəyliyin önəmini diqqət mərkəzinə çəkib.

İkigünlük konfrans dekabrın 5-də işini başa çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.