MƏDƏNİYYƏT


Ankarada “15 Temmuz dastanı” simfonik əsərinin təqdimatı olub

Ankara, 15 iyul, AZƏRTAC

Bu gün Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü geniş şəkildə qeyd olunur. Ölkənin bütün vilayətlərində dörd il əvvəl törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü ilə əlaqədar təsis edilən bu günə geniş hazırlıq işləri görülüb.

AZƏRTAC xəbər verir ki, bir neçə gün əvvəl Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsi ölkə daxilində və xaricdə keçiriləcək tədbirlər proqramını elan edib.

Proqrama əsasən İctimai Əlaqələr İdarəsinin təşkilatçılığı ilə iyulun 14-də axşam Prezident Administrasiyasının bağında görkəmli bəstəkar və pianoçu Fahir Atakoğlunun bəstələdiyi “15 Temmuz dastanı” simfonik əsəri ilk dəfə səhnədə yer alıb.

Konsertdə Prezident Administrasiyasının Simfonik Orkestri, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Çoxsəsli Xoru və tanınmış sənətçi Sami Savni Özerin birgə çıxışı ediblər.

Tədbirlər planına əsasən ölkənin hər yerində 15 iyun şəhidlərinin əziz xatirəsi anılacaq, şəhid və qazilərə həsr olunan proqramlar nümayiş ediləcək. Bildirilir ki, Prezident Administrasiyasında, Türkiyə Böyük Millət Məclisində anım mərasimləri təşkil olunacaq. Ümumilikdə təsdiq olunan 2238 proqramın bir hissəsi ölkə xaricində keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa xitabı və şəhid ailələri ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı il iyulun 15-də dövlət çevrilişinə hərbi cəhd göstərib. Nəticədə 251 qəhrəman türkiyəli şəhid olub, 2 min 194 nəfər yaralanıb. Bu çevriliş cəhdi nəticəsində Türkiyə dövlətinə və xalqına böyük həcmdə maddi və mənəvi zərər vurulub. Həyata keçirilən hüquqi tədbirlər nəticəsində dövlət çevrilişində iştirak etmiş çox sayda vəzifəli şəxs həbs edilib. Qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlətçiliyini əzmlə qoruyub. Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Türkiyənin yanında olub, dövlətin qorunmasına dəstəyini əsirgəməyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.