QAN YADDAŞI
Ankarada 20 Yanvar faciəsinə həsr olunmuş konfrans təşkil edilib VİDEO
Ankara, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Ankara şəhərində “Azadlığa gedən yolun asimmetrik savaşı” mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, o cümlədən diplomatlar, hüquqşünaslar, QHT və KİV nümayəndələri iştirak ediblər.
Konfrans çərçivəsində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Konfransın açılışında Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran, TVK-nın sədri Mətin Feyzioğlu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Əttarın çıxışları dinlənilib.
Səfir Xəzər İbrahim diqqətə çatdırıb ki, 20 Yanvar hadisələrindən ötən 30 ildə Azərbaycan çoxistiqamətli inkişaf yolu keçib. İndi o dövrdən fərqli olaraq ölkəmizin qüdrətli ordusu, dəqiq hədəflərə hesablanmış siyasəti, güclü iqtisadiyyatı var.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxışında ulu öndər Heydər Əliyevin hadisələrdən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində kəskin bəyanatla çıxış edərək, hadisələrin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdığını vurğulayıb.
Nazir müavini Yavuz Səlim Kıran və Türkiyə Prezident Administrasiyasının rəsmisi Necdət Ünüvar 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm qanlı, həm də şanlı səhifəsi kimi qiymətləndiriblər.
Otuz il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhəri və digər rayonlarda Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb və məqsədlərini təhlil edən professor Aygün Əttar baş verənləri xalqımıza qarşı məqsədyönlü düşmənçilik akrı kimi dəyərləndirib.
TVK-nin sədri Mətin Feyzioğlu 20 Yanvar hadisələrinin törədilməsinin bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayaraq üstündən uzun illər keçməsinə baxmayaraq günahkarların cəzalandılmasının vacibliyindən danışıb.
Sonra professor Aygün Əttarın sədrliyi ilə konfransın panel hissəsi olub. Bu bölümdə professor Hüseyn Bağcı və Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, dosent İsmayıl Safinin məruzələri dinlənilib.
Hüseyn Bağcı, hadisələr ərəfəsində beynəlxalq vəziyyətdən, o cümlədən keçmiş SSRİ-nin çökməyə doğru getdiyini və 20 Yanvarın cinayətinin bu prosesi sürətləndirdiyini qeyd edib.
İsmayıl Safi Azərbaycan-Türkiyə münasibətlərindən, birgə layihələrin tarixi əhəmiyyətindən danışıb.
Çıxışlarda qeyd edilib ki, Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsi azadlıq uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılan ən böyük abidədir.
Konfrans Azərbaycanın Türkiyədəki səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə Vəkillər Kollegiyası və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən təşkil olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara