MƏDƏNİYYƏT


Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib VİDEO

Ankara, 19 noyabr, AZƏRTAC

Türkiyənin Ankara Universitetində (AU) ictimai fikir tariximizdə dərin iz qoymuş böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümünə həsr olunan konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Universiteti (AU), Azərbaycan Vəkillər Kollegiyası, Anadolu Agentliyi, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) və Beynəlxalq münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil olunan “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzulu konfransda rəsmi şəxslər, tanınmış hüquqşünaslar, diplomatlar, görkəmli alimlər, AU-nun tələbələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Konfrans şəhidlərimizin əziz xatirəsinin anımı ilə başlanıb. Sonra Azərbaycan və Türkiyənin dövlət himni səsləndirilib.

Məlumat verilib ki, həmişə milli oyanış hərəkatının ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınan Əhməd bəy Ağaoğlunun fəaliyyəti müasirləri tərəfindən yüksək dəyərləndirildiyi kimi tədqiqatçı alimlər üçün də maraqla qarşılanıb. Azərbaycanda və Türkiyədə Əhməd bəy Ağaoğlu şəxsiyyətinə daim ehtiram göstərilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması Azərbaycanda tarixi şəxsiyyətlərə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.

Rəsmi hissədə ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ankara Universitetinin dekanı Məhərrəm Özən, Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit, Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu çıxış ediblər.

Çıxışlarda Əhməd bəy Ağaoğlunun zəngin mənalı həyatından, Azərbaycan və Türkiyədəki faydalı işlərindən, həyata keçirilən təşəbbüslərinin tarixi əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Türkiyə Cümhuriyyətinin qurulmasında özünəməxsus yeri və rolu olan Əhməd bəy Ağaoğlunun ideyaları və təşəbbüs göstərdiyi məsələlər dövlətçilik tarixlərimizdə silinməz izlər buraxıb.

Anadolu Agentliyinin Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti haqqında hazırladığı filmin nümayişindən sonra konfransın panel hissəsi olub. Professorlar - Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Əli Birinci, AU-nun dosenti Cavid Abdullahzadə mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Çıxışlarda qeyd olunub ki, Əhməd bəy Ağaoğlu həm Cümhuriyyət dövründə Azərbaycanda, həm də Türkiyədə geniş ictimai və elmi fəaliyyəti ilə ölkələrimizin və xalqlarımızın milli varlığının formalaşmasına və qorunmasına əvəzolunmaz təsir göstərib. O, ömrünün əsas hissəsini türk xalqlarının milli azadlıq hərəkatına və mədəni yüksəlişinə həsr edərək qardaş ölkənin dövlətçilik tarixində misilsiz xidmətlər göstərərək yazdığı dəyərli əsərləri ilə bu gün də aktual olan məsələlərin çözülməsinə töhfələr verib. Mütəfəkkirin işıqlı həyat yolundan danışan alimlər bildiriblər ki, Əhməd bəy Ağaoğlu milli mücadilənin bütün istiqamətlərində fəaliyyət göstərib, bir alim, hüquqşünas və millət fədaisi olaraq həmişə təşəbbüskarlığı və fəallığı ilə seçilib.

Qeyd edək ki, Əhməd bəy Ağaoğlu 1925-ci il noyabrın 5-də Ankara Universitetinin hüquq fakültəsində ilk dəfə olaraq konstitusiya hüququ üzrə mühazirə oxuyub. Konfransdan sonra həmin fakültədə Əhməd bəy Ağaoğlunun adı verilən oxu zalının açılışı olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.