MƏDƏNİYYƏT


Ankarada Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edilib

Ankara, 27 noyabr, AZƏRTAC

Ankarada Azərbaycanın böyük el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim və “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında keçirilən tədbirin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova çıxış ediblər.

Çıxışlarda Aşıq Ələsgər yaradıcılığının əhəmiyyəti, söz və saz sərrafının fəaliyyətinin araşdırılması, Azərbaycanda Ələsgər sənətinə və onun inkişafına göstərilən diqqət və qayğı, türk dünyasında tanıdılmasının vacibliyi məsələlərinə toxunulub.

Rəsmi çıxışlardan sonra “Ulu Göyçə” sənədli filmi göstərilib.

Sonra tədbir panel iclaslarla davam edib. Diqqətə çatdırılıb ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında söz və saz sərrafı Aşıq Ələsgər möcüzəvi yaradıcılıq fəaliyyəti ilə ədəbi kəlamın yeni ömrü başlayıb. Dədə Ələsgər kimi xalq arasında sayılıb seçilən sənətkar “Haqq aşığı” adını qazanıb və hamı tərəfindən sevilib. Hələ uşaq yaşlarından fitri istedadı, iti yaddaşı, yüksək şəxsi keyfiyyətləri ilə hamının rəğbətini və məhəbbətini qazanan Ələsgər yorulmaz fəaliyyəti ilə saz dünyasının yeni sirlərini açmağa nail olub.

Tədbir çərçivəsində görkəmli saz və söz ustası Aşıq Ələsgər yaradıcılığına həsr olunan musiqili bədii hissə təqdim olunub. Azərbaycanlı aşıq Ramin Qarayev və türkiyəli el sənətkarı aşıq Səlahəddin Dündar sazın və sözün qüdrəti ilə mərasimi daha da təravətləndiriblər.

Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Aşıqlar Birliyi və TÜRKSOY-u birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabı Türkiyənin tanınmış ədəbiyyatçısı Kənan Çarboğa tərəfindən tərcümə edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.