CƏMİYYƏT


Ankarada “Atropatena - Adorbayqan adlı dövlətin doğulması” kitabının təqdimatı keçirilib

Ankara, 15 may, AZƏRTAC

Türkiyənin Ankara şəhərində tanınmış diplomat, tarixçi alim, professor Həsən Həsənovun “Atropatena - Adorbayqan adlı dövlətin doğulması” (Atropatena - Adorbaygan Adlı Devletin Doğuşu) kitabının təqdimatı və imza mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimi Ötüken Kitab Klubunun rəhbəri Fuat Yakar açaraq kitabın əhəmiyyətindən danışıb.

Həsən Həsənovun zəngin siyasi, diplomatik və elmi fəaliyyəti barədə məlumat verən F.Yakar geniş tarixi araşdırma nəticəsində ərsəyə gəlmiş kitabın Qafqazın və müasir Türkiyə ərazisinin qədim tarixinə yeni yanaşmaya yol açdığını diqqətə çatdırıb.

Tədbirdə “Zengin Yayıncılık”ın nəşriyyat şirkətinin təsisçisi və baş redaktoru Sevinç Fırat “Atropatena - Adorbayqan adlı dövlətin doğulması” kitabın çap edilməsinin əhəmiyyətindən danışaraq, şirkətin professor Həsən Həsənovla əməkdaşlığa davam edəcəyini və Türkiyə ictimaiyyətinə bu istiqamətdə yeni tədqiqat işlərinin təqdim olunmasına çalışacağını bildirib.

Xarici ölkə yazıçılarının çoxsaylı əsərlərini türk dilinə tərcümə etmiş tərcüməçisi, həmyerlimiz professor Şəfiqə Hüseyn isə çıxışında Türkiyə ictimaiyyətinə digər ölkələrin tədqiqatçılarının, elm adamlarının və yazıçılarının əsərlərinin tərcümə olunmasının əhəmiyyətindən danışıb.

Daha sonra professor Həsən Həsənov qələmə aldığı kitabından geniş bəhs edib. Kitabın təkcə Azərbaycanda deyil, ümumilikdə türk tarixinə fərqli baxış gətirəcəyinə əmin olduğunu bildirən Həsən Həsənov “Atropatena - Adorbayqan adlı dövlətin doğulması” geniş araşdırma və təhlil prosesindən keçərək ərsəyə gələn bir kitab olduğunu, Azərbaycan dövlətçilik tarixində rol oynamış bütün türk boylarının bu kitabda yer aldığını və milli kimliyimizin tarixinin bütün mərhələlərində bu coğrafiyada mövcud olduğu haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra müəllif iştirakçıların çoxsaylı suallarını cavablandırıb və kitabda yer alan tarixi məqamlar ətrafında müzakirələr aparılıb. Müzakirələrdə türk köklü tayfa və xalqların Qafqazda və müasir Türkiyə ərazilərində XI-XII əsrlərdən deyil, daha qədim dövrlərdə mövcudluğu və üç min ildən daha çox tarixi olduğu əsaslandırılıb.

Tədbirdə Ankaranın Çankaya rayon icra rəhbəri Hüdayar Mete Buhara və icra nümayəndəliyinin üzvləri, Azərbaycan Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov, Ötüken Kitap Klubunun üzvləri, Türkiyənin televiziya kanallarının və digər mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.