SİYASƏT


Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb VİDEO

Ankara, 9 noyabr, AZƏRTAC 

Ankarada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi (DİN) arasında “(Qeyri-Hökumət Təşkilatlarına dair) Birgə Fəaliyyət və Əməkdaşlıq Haqqında” Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin daxili işlər naziri Süleyman Soylu, bu nazirliyin QHT-lərlə əlaqələr baş idarəsinin baş direktoru Erkan Kılıç, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren və Vakflar Baş İdarəsinin başçısı Adnan Ertem ilə görüşüb.

İmzalanan Memorandumun tarixi əhəmiyyət daşıdığını bildirən nazir Süleyman Soylu əminliklə ifadə edib ki, tərəflər QHT-lərlə iş sahəsində səmərəli əməkdaşlıq etməyə qadirdir. Bunun üçün geniş imkanlar olduğu kimi, qarşılıqlı maraq doğuran əsaslar da mövcuddur.

Azay Quliyev ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin faydası haqqında danışıb.

Görüşlərdə Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hüquqi baza, onların işinə dövlət dəstəyi, fəaliyyətlərin düzgün istiqamətləndirilməsi yolları barədə qarşılıqlı məlumat verilib. Diqqətə çatdırılıb ki, QHT-lərin fəaliyyətinə dair birgə əməkdaşlıq Azərbaycan-Türkiyə qardaşlığının inkişafında vacib sahədir.

Əminliklə vurğulanıb ki, imzalanan Memorandumda göstərildiyi kimi, Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə kömək edə biləcək sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşmasına yardım etmək iki ölkənin tarixi köklər üzərində inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin genişlənməsinə və güclənməsinə töhfə olacaq.

Tərəflər QHT-lərin birgə forumunun keçirilməsi, eləcə də Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.