CƏMİYYƏT


Ankarada Azərbaycanın və Türkiyənin səhiyyə sistemləri arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

Ankara, 17 may, AZƏRTAC

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, mayın 17-də Ankarada Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyənin səhiyyə naziri Fahrettin Koca arasında görüş keçirilib. İki qardaş ölkəni təmsil edən heyətlər arasında müzakirələr aparılıb.

Fahrettin Koca və Teymur Musayev görüşdən sonra “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi”ni imzalayıblar.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən səhiyyə naziri Teymur Musayev dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət olmadığını vurğulayaraq qeyd edib ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər.

Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin yaradıldığını qeyd edən nazir Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti Türkiyənin 20-yə yaxın nüfuzlu universiteti ilə səmərəli əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr Türkiyənin təhsil müəssisələrində təcrübə keçirlər və tədris olunan onlayn dərslərdə iştirak edirlər.

Səhiyyə sisteminin rəqəmsallaşdırılmasının Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayan nazir deyib ki, türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz, görüşlərimiz olub və onların dəstəyini hiss edirik.

COVID-19 pandemiyası mövzusuna toxunan Azərbaycanın səhiyyə naziri bu dövrdə ölkələrimiz arasında əməkdaşlığın daha da dinamik xarakter aldığını vurğulayıb.

2020-ci il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilən koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşünü xatırladan nazir Teymur Musayev Şura çərçivəsində Səhiyyədə Koordinasiya Komitəsi tərkibində Tibb Elmi Qrupunun yaradıldığını diqqətə çatdırıb.

Çıxışının sonunda səhiyyə naziri qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi yaradılacaq. Həmçinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq. Azərbaycanlı nazir bu sahələrin inkişafında türkiyəli həmkarlarının dəstəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Fahrettin Koca vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı güclü dostluq və ortaq fəaliyyət istəyi iki ölkənin səhiyyə nazirlikləri arasında əlaqələrin faydalı məcraya yönəlməsinə öz təsirini göstərib. Cari ilin oktyabr ayında İstanbulda Türk Tibb Dünyası Konqresinin təşkili ilə bağlı işə başladıqlarını vurğulayan nazir Fahrettin Koca Azərbaycanda “Birgə Sağlamlıq Biznes Forumu”nun keçirilməsi təklifi ilə çıxış edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Ankara Universitetinin rəhbər heyəti ilə də görüş keçirib, Türkiyənin dərman və tibbi cihaz qurumlarının fəaliyyətlərinə dair təqdimatlarla tanış olub.

Ankara Universitetində keçirilmiş görüşdə nazir Teymur Musayev, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışlarında iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu ifadə ediblər, səhiyyə və səhiyyə təhsili üzrə əlaqələrin perspektivlərinə dair fikir və mülahizələrini bölüşüblər.

Səfər mayın 18-də davam edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.