İQTİSADİYYAT
Ankarada Azərbaycanla Türkiyə arasında yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub
Ankara, 11 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun başlıq etdikləri nümayəndə heyətləri Türkiyədə səfərdə olub.
AZƏRTAC xəbər verir ki, Ankara şəhərində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarələrində keçirilən görüşlərdə iki qardaş ölkə arasında geoloji işlərin bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad olunan ərazilərdə böyük quruculuq və bərpa işləri həyata keçirilir. Qarabağa böyük qayıdış dövlət strategiyası kimi təsdiqlənib. Bu çərçivədə Şərqi Zəngəzur iqtisadi bölgəsində təbii sərvətlərin dəyərləndirilməsi və onlardan səmərəli istifadə üçün real addımlar atılır.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Azərbaycanda “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bu sahədə qardaş Türkiyə ilə əməkdaşlıq Azərbaycan üçün bütün mənalarda xüsusi əhəmiyyət kəsb edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara