SİYASƏT
Ankarada “Bu Zəfər hamımızın ortaq Zəfəridir” mövzusunda tədbir keçirilib
Ankara, 7 noyabr, AZƏRTAC
İkinci Qarabağ müharibəsində bütün Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək böyük bir Zəfərə imza atdı. Bu Zəfərin qazanılmasında dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir ölkə vətəndaşının rolu danılmazdır. Əsrlərdir sülh şəraitində yaşayan vətəndaşlarımız dünyaya bir daha sübut etdilər ki, müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin bünövrəsini qoyduğu multikulturalizm siyasəti dünyanın dərindən öyrənməli və nümunə götürməli olduğu bir siyasətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin paytaxtı Ankarada keçirilən “Bu Zəfər hamımızın ortaq Zəfəridir” mövzulu tədbirdə dilə gətirilib. Tədbir Ankarada yerləşən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətini beynəlxalq arenada təmsil etmək məqsədilə yaradılan Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.
Qardaş ölkənin paytaxtında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, siyasi qurumların nümayəndələri, qardaş ölkədə yaşayan və işləyən ziyalılar, həmçinin tələbələrin iştirakı ilə keçirilən mərasimdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, yazıçı-jurnalist Oktay Hacımusalı bu müharibədə və ümumiyyətlə Azərbaycan cəmiyyətində multikulturalizmin, dini, milli və irqi dözümlülüyün əhəmiyyətindən danışıb. Birgə yaşayışın, multikultural ənənələrin Azərbaycanda əsrlər boyu var olduğunu bildirən natiq bu savaşda da ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinin Vətənin müdafiəsi üçün çiyin-çiyinə savaşdığını vurğulayıb.
Çıxışında Azərbaycanın mədəniyyətinin, incəsənətinin tarixi keçmişindən, bunun siyasi-ideoloji düşüncəyə də ciddi təsir etdiyini bildirən Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyinin sədri, araşdırmaçı-yazıçı Derya Akdemir qeyd edib ki, bu savaşda bir an belə düşünmədən canlarını Vətən yolunda fəda edənlərlə yanaşı, özünü azərbaycanlı və türk hesab edən hər kəs canı, qanı ilə Azərbaycanın yanında idi, ürəyi Zəfər həyəcanı ilə döyünürdü.
Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz, Yenidən Refah Partiyası sədrinin birinci müavini Doğan Bekin, əfsanəvi Sultan bəyin nəvəsi Nəcib Laçın, İç Anadolu Dərnəyinin sədri İsmət Taş, Osmanlı Səfərbərlik Xalq Hərəkatının sədri Məhmət Barbaros Öztürk çıxışlarında hər zaman olduğu kimi, bu savaşda da Azərbaycan ilə Türkiyənin bir-birinə mənəvi dəstək verərək Zəfərə birgə addım-addım irəlilədiklərini bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara