DÜNYA


Ankarada Krım tatarlarının deportasiyasına həsr olunan tədbir keçirilib

Ankara, 22 may, AZƏRTAC

Ankarada Krım tatarlarının deportasiyasının 75 illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, bu ölkənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren, Krım türklərinin mədəniyyət və yardımlaşma dərnəyinin sədri Mükrəmin Şahin və başqaları çıxış ediblər. Sovet hakimiyyəti dövründə həyata keçirilən bu cinayət türk xalqlarına qarşı düşmənçiliyin davamı kimi dəyərləndirilib.

Sonra deportasiya ilə bağlı sənədli film nümayiş olunub. Krım türklərinin deportasiyasını əks etdirən foto və rəsm sərgisi açılıb. Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, 1944-cü il mayın 18-də SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Krım tatarları (türkləri) Mərkəzi Asiyaya və Urala sürgün olunublar. İnsanlıq əleyhinə olan bu layihənin təşəbbüskarı Anastas Mikoyan, ideya müəllifi Ermənistanın Arxiyepiskopu Gevork Çörəkçiyan olublar. Azərbaycanlı alimlər elmi cəhətdən əsaslandırıblar ki, bu amansız köçürülmə layihəsi 1937-38-ci illərdə “Daşnaksutyun” beynəlxalq terror təşkilatı tərəfindən hazırlanıb. Məqsəd türk mənşəli xalqların Qara dəniz ətrafından və Cənubi Qafqazdan çıxarılması olub. Sonralar azərbaycanlıların Qərbi Azərbaycandan qovulması bunu bir daha sübut edib. Tarixi mənbələrdən məlum olduğu kimi, 150 il ərzində çar Rusiyası, sonra isə sovet imperiyası tərəfindən Krım tatarlarına qarşı müstəmləkə siyasəti yeridilib. 1944-cü ildə son dərəcə qəddarlıqla və qeyri-normal şəraitdə deportasiya olunan 300 minə yaxın Krım türkünün 46 faizindən çoxu yolda və qürbətdə həlak olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.