MƏDƏNİYYƏT


Ankarada “Məhəbbət əfsanəsi” əsərinin yeni quruluşda ilk təqdimatı olub

Ankara, 3 sentyabr, AZƏRTAC

Ankarada türk dünyasının iki böyük sənət adamı Nazim Hikmət və Arif Məlikovun yaradıcılığının dünya mədəni irsinə bəxş etdiyi ən böyük sənət incilərindən olan “Məhəbbət əfsanəsi” əsərinin yeni quruluşda ilk təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 85 illik yubileyi çərçivəsində səhnəyə qoyulan əsər böyük uğur qazanıb. Ankarada, məşhur Bilknənd Odeon konsert salonunda böyük ajiotaj yaradan təqdimatda Türkiyənin müxtəlif bölgələrini təmsil edən 4 minə yaxın sənətsevər iştirak edib.

“Fərhad və Şirin” adı ilə yeni və orijinal quruluşda ilk dəfə təqdim edilən tamaşanın başlaması ilə Arif Məlikov musiqisinin ecazkar təsiri salonu bürüyüb.

Azərbaycanlı dirijor, Əməkdar incəsənət xadimi Elşad Bağırovun rəhbərliyi altında məşhur Bilkənd simfonik orkestrinin uğurlu ifası, Türkiyənin tanınmış balet ustaları Özge Başaran, Eren Keleş və Mine İzginin çıxışı ilə birlikdə tamaşaçıları Fərhadla Şirinin əfsanəyə qovuşan məhəbbətinin əsirinə çevirib.

Azərbaycanlı tamaşaçıların da yaxşı tanıdıqları məşhur aktyorlar Aslı Tandoğan və Mert Fıratın pyesi səsləndirməsi isə layihəni uğurlu bir yenilik kimi təqdim etdi. Tamaşa Nazim Hikmətin pyesdə qabartdığı “bir insana olan sevginin, insanlığa, insanların xeyrinə olan sevgi ilə mübarizə yox, vəhdət təşkil etməsi” fikrini, bu mövzunun günümüzdəki aktuallığını bir daha nümayiş etdirdi.

Ankara səhnəsindəki möhtəşəm tamaşa Türkiyə sənətsevərləri tərəfindən əsl mədəniyyət bayramı kimi qəbul edilib.

Zəngin mədəniyyətimizi qardaş ölkədə bir daha uğurla nümayiş etdirən bu layihə Arif Məlikovun 85 illik yubileyinə dəyərli töhfə olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.