MƏDƏNİYYƏT


Ankarada Mirzə Fətəli Axundzadənin yaradıcılığına həsr olunan konfrans çərçivəsində “Xəyalət” tamaşası oynanılıb VİDEO

Ankara, 2 iyun, AZƏRTAC

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, materialist filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə Ankarada “Türk dilinin varlığı üçün 10-cu türkoloji günü” mövzusunda konfrans və görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin böyük ədibə həsr etdiyi “Xəyalət” pyesinin tamaşası olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Ankara Universitetinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və digər qurumların birgə təşkilatçılığı ilə keçirilən təbirin rəsmi hissəsində Ankara Universitetinin dekanı Levent Kayapınar, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, tanınmış alimlər Səma Burutcu Özöndər və Mehmet Rza Heyət çıxış ediblər.

Sonra Ankara Universiteti tələbələrinin teatr qrupu tərəfindən “Xəyalət” pyesinin tamaşası oynanılıb.

Teatr qrupunun rəhbəri Atabəy Barış tərəfindən tərcümə edilib və onun rejissorluğu ilə səhnələşdirilən tamaşanın koordinatoru Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıdır.

Tamaşadan sonra keçirilmiş konfransda tanınmış alimlər Cavid Mövsümlü və Dilqəm Əhməd şöhrətli filosof və dramaturq Mirzə Fətəli Axundzadənin zəngin mənalı həyat və yaradıcılığından danışıblar.

Mirzə Fətəli Axundzadənin dramaturgiyamızın yaranmasında və inkişafındakı rolunu, ictimai fikrin formalaşmasında göstərdiyi tarixi səyləri, nadir yaradıcılıq üslubunun yaratdığı yenilikləri yüksək dəyərələndirən alimlər əminliklə bildiriblər ki, böyük ədibin şəxsiyyəti və yaradıcılığı əbədiyyətə qədər seviləcək və tədqiq olunacaqdır.

Tədbirin sonunda iştirakçılara TÜRKSOY-un və Ankara Universitetinin sertifikatları, mükafatları təqdim edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.