CƏMİYYƏT
Ankarada Rusiya arxivləri əsasında saxta “erməni məsələsi” mövzusunda videokonfrans keçirilib




Ankara, 19 may, AZƏRTAC
Ankarada fəaliyyət göstərən Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının (KASSAK) videokonfrans formatında növbəti toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədqiqatçı Müslüm Aktürk KASSAK-ın fəaliyyəti və videokonfransın mövzusu barədə məlumat verib.
İştirakçıları səmimiyyətlə salamlayan KASSAK-ın sədri Salih Kurt əminliklə bildirib ki, komissiya üzvləri arasında informasiya mübadiləsinin aparılması gələcək fəaliyyətin nizamlanmasına müsbət təsir göstərəcək.
Sonra Türkiyə Prezidentinin Baş müşaviri, tədqiqatçı alim, professor Seyit Sertçelikin saxta “erməni məsələsi” ilə bağlı məruzəsi dinlənilib.
Saxta “erməni məsələsi”nin yaranması, uydurma “soyqırımı” iddialarının səbəb və məqsədləri barədə Rusiya dövlət arxivlərinin materialları əsasında müfəssəl məlumat verən professor Seyit Sertçelik diqqətə çatdırıb ki, ermənilər Birinci Dünya müharibəsində kütləvi şəkildə silahlanaraq Osmanlı dövlətinə qarşı döyüşən tərəf olub, Anadoluda yerli əhaliyə və Qafqazda Azərbaycan xalqına qarşı kütləvi qətliamlar, soyqırımlar törədiblər.
Daha sonra Türkiyənin Azərbaycandakı sabiq səfiri, komissiyanın İdarə Heyətinin üzvü Hulusi Kılıç, ehtiyatda olan türkiyəli general, araşdırma heyətinin sədri Yücel Karauz, AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı, Türkiyənin Erciyes (Kayseri) Universitetinin professoru, Azərbaycan Erməni Araşdırma Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı, vəkil Güneyt Yüksəl və başqalarının məruzə ətrafında çıxışları dinlənilib.
Natiqlər ən qısa zamanda KASSAK-ın fəaliyyət istiqamətlərinin və görüləcək işlərin forma və metodlarının müəyyən olunmasının vacibliyini bildiriblər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Zəfər Azərbaycanın işğaldan azad olunan ərazilərində erməni vandalizminin əsl mahiyyətini üzə çıxarıb. Bu həqiqətlərin dünya birliyinə düzgün çatdırılması saxta “erməni məsələsi”nin əsl mahiyyətini ifşa edir.
Sonda professor Seyit Sertçelik iştirakçıların suallarını cavablandırıb.