CƏMİYYƏT
Ankarada Şuşa Konfrans Mərkəzində Novruz şənliyi təşkil olunub VİDEO
Ankara, 20 mart, AZƏRTAC
Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində Novruz bayramı münasibətilə şənlik keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF), Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) və Qars, Ardahan, İğdır Dərnəklər Federasiyası tərəfindən birgə təşkil olunan bayram şənliyində rəsmi şəxslər, diplomatlar, türk dünyasından tanınmış şəxsləri iştirak ediblər.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar Novruz bayramının tarixi ənənələri və milli dəyərlərimizin qorunmasına verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, tarixi Qarabağ zəfəri sayəsində artıq ikinci ildir ki, bütün türk dünyası Novruz bayramını xüsusi bir sevinclə qeyd edir.
Azərbaycan Evinin həyətində qalanan Novruz tonqalı ətrafında toplanan iştirakçılar bayram sevinclərini bölüşüblər.
Şənlik iştirakçıları tonqal üstündən atlanıb, yumurta döyüşdürüblər.
Şənlik zəngin bədii proqramla davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara