SİYASƏT
Ankarada Türkiyə-Azərbaycan həmrəylik tədbiri keçirilib VİDEO
Ankara, 29 sentyabr, AZƏRTAC
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) təşkilatçılığı ilə Ankarada Türkiyə-Azərbaycan həmrəylik tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, YTB-nin inzibati binasında keçirilən tədbirdə rəsmi şəxslər, diplomatlar, ziyalılar və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyə şəhidlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub. Sonra iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.
Toplantıda YTB rəhbəri Abdullah Eren, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru Necdət Ünivar çıxış ediblər.
Səfir Xəzər İbrahim çıxışında əminliklə bildirib ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edəcək və ortaq qələbə zəfərimizi birlikdə qeyd edəcəyik.
Türkiyə-Azərbaycan qardaşlığının tarixi köklərindən bəhs edən YTB rəhbəri Abdullah Eren diqqətə çatdırıb ki, xarici ölkələrdəki türk diaspor təşkilatları Azərbaycanla həmrəylik aksiyaları keçirməklə birliyimizə töhfələr verilər.
Rəhbərlik etdiyi Ankara Universitetinin hər zaman Azərbaycana dəstək verəcəyini diqqətə çatdıran rektor Necdət Ünivar bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün beynəlxalq hüquq normalarını əlində rəhbər tutur.
“Mən Azərbaycanda, Qarabağda, Kəlbəcərdə doğulub, ancaq öz yurdumda böyüməyən azərbaycanlı gənclərdən biriyəm”, - deyən Hacettepe Universitetinin doktorantı Buta Bağırova Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı və Azərbaycan xalqının öz torpaqlarını geri almaq arzusu barədə danışıb.
Çıxışlarda Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri yüksək dəyərləndirilib. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinin və xalqının Azərbaycana dəstəyinin xalqlarımızın birliyinə və haqq mübarizəsinə güc qatdığı ifadə olunub. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında birləşərək öz ərazi bütövlüyünü bərpa etmək uğrunda başladığı müqəddəs mübarizənin mənəvi və hüquq baxımından haqq işi olduğu diqqətə çatdırılıb. Əminliklə qeyd olunub ki, Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızı düşməndən azad edəcək, soydaşlarımız həyatlarını öz yurdlarında davam edəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara