MƏDƏNİYYƏT


Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib

Ankara, 15 iyun, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında türk dünyasının iftixarı, böyük filosof Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un Baş katib Düsen Kaseinov mərasimin açılışında Yunus Əmrə şəxsiyyətinin ucalığından, böyük filosofun irsinin dünya ictimaiyyətinə tanıdılmasının əhəmiyyətindən bəhs edib.

Digər çıxış edənlər Anadolu türkcəsində şeirin banilərindən biri, sufi, İslam filosofu, təsəvvüf və el şairi, türk-İslam dünyasının böyük mütəfəkkiri Yunus Əmrənin zəngin mənalı həyat və yaradıcılığının qayəsindən söz açıblar.

Diqqətə çatdırılıb ki, Yunus Əmrənin şeirləri, fikir və düşüncələri türk dünyasının ortaq dəyəridir. Onun yaradıcılığının, mənəvi mirasının öyrənilməsi və geniş yayılması bəşəriyyət üçün olduqca önəmlidir.

Sonra tədbir iştirakçıları Yunus Əmrənin həyatını, yaradıcılığını, yaşadığı dövrü əks etdirən sərgi ilə tanış olublar.

Qeyd edək ki, Türkiyədə 2021-ci il böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar “Bizim Yunus ili” elan olunub. Bu çərçivədə hökumət strukturları və QHT-lər Türkiyədə və ölkə xaricində silsilə tədbirlər keçirir, onun əsərlərini müxtəlif dillərdə nəşr edir və yayırlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.