MƏDƏNİYYƏT
Ankarada keçirilən Ramazan festivalında Azərbaycan gecəsi təşkil olunub VİDEO
Ankara, 2 iyun, АZƏRTAC
Ankaranın Keçiörən bələdiyyəsi tərəfindən təşkil olunan beynəlxalq Ramazan festivalında Azərbaycan gecəsi keçirilib.
Artıq 8 ildir ki, Ankarada təşkil edilən Ramazan festivalları mübarək ay ərzində şəhər sakinlərini, Türkiyənin müxtəlif bölgələrini və digər müsəlman ölkələrinin xalqlarını mənəvi dəyərlər, mədəniyyət vasitəsi ilə bir araya gətirir. Hər il olduğu kimi, builki festival çərçivəsində də ölkəmizin Ankaradakı səfirliyi və Keçiörənlə qardaşlaşmış Sumqayıt şəhərinin bələdiyyəsi ilə birgə təşkil edilən Azərbaycan gecəsinə maraq olduqca böyük oldu.
Tədbir iştirakçıları festival ərazisində təşkil olunan “Azərbaycan Evi”ni ziyarət etdilər. Qonaqlar burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin inkişafındakı misilsiz xidmətlərini əks etdirən nəşrlər və fotoşəkillər, həmçinin Azərbaycan xalqının qədim və müasir mədəniyyətini əks etdirən milli geyimlər, çalğı alətləri ilə tanış oldular.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və Sumqayıt şəhər bələdiyyəsinin sədri Soltan Əsədov bu cür tədbirlərin müsəlman xalqlarını bir-birinə daha da yaxınlaşdırmasındakı rolunu yüksək dəyərləndirdilər. Çıxışlarda Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirdə Azərbaycandan gələn incəsənət ustalarının çıxışı nəzərdə tutulurdu. Lakin Türkiyədə helikopter qəzası nəticəsində 13 hərbçinin şəhid olması ilə əlaqədar konsert proqramı ləğv edildi.
Gecə “Qurani-Kərim”dən ayələrin oxunması ilə yekunlaşdı.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara