SİYASƏT
Ankarada keçirilən rəsmi qəbulda Azərbaycan-Türkiyə qardaşlığı tərənnüm edilib VİDEO
Ankara, 28 may, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qəbulda Türkiyə ali hakimiyyət orqanlarının təmsilçiləri, qardaş ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Türkiyə ictimaiyyətinin görkəmli simaları, azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Təntənəli şəkildə təşkil olunan qəbul rəsmi və bədii hissədən ibarət olub.
Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuad Oktay və səfirliyimizin nəzdində Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov çıxış ediblər.
Çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi inkişaf yolu, süqutunun səbəbləri, dövlət müstəqilliyimizin bərpası, süni şəkildə yaradılan keçmiş Dağlıq Qarabağ problemi barədə müfəssəl məlumat verən səfir Rəşad Məmmədov diqqətə çatdırıb ki, 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinə qarşı yaranmış təhlükələri məharətlə dəf edərək işıqlı gələcəyimizin strategiyasını müəyyən edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı rəşadətli qələbənin dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını ifadə edən səfir çıxışında Azərbaycan-Türkiyə qardaşlığına geniş yer ayıraraq deyib: “İki müttəfiq dövlət olan Azərbaycan və Türkiyə hər zaman bir-birinin güclənməsinə böyük töhfə vermişdir. Türkiyə bugünkü müzəffər Azərbaycan Ordusunun qurulmasında müstəsna rol oynamış, qəhrəman əsgər və zabitlərimiz türk qardaşları ilə birlikdə təhsil və təlimlər keçmişlər. Bu baxımdan 44 günlük müharibədə qazandığımız rəşadətli Qələbəyə Azərbaycan və Türkiyənin ortaq tarixi Zəfəri olaraq qiymət verə bilərik”.
Əcdadlarmızdan əmanət olan Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri barədə xoş sözlər söyləyən Türkiyənin vitse-prezidenti Fuad Oktay Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını və təbriklərini çatdırıb, Qafqaz İslam Ordusunun tarixi missiyasından bəhs edərək, Azərbaycanın dinamik inkişafı, Ordumuzun gücləndirilməsi siyasətinin ayrı-ayrı məqamlarına toxunaraq Böyük Qarabağ Zəfərindən sonra işğaldan azad olunan ərazilərin bərpasının qarşıda duran ən böyük vəzifələrdən biri olduğunu bildirib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışını xatırladan vitse-prezidenti Fuad Oktay Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyənnaməsi əsasında müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayaraq deyib: “Xüsusilə bildirmək istərdim ki, biz Ankaranın taleyini Bakının taleyindən ayrı düşünmürük. Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daim saxlasın!”
Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixindən bəhs edən hərbi attaşe polkovnik Müşfiq Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda Milli Ordu quruculuğu sahəsindəki mühüm strategiya müəyyən edilib. Bu siyasətin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan Ordusu güclənib və modernləşib. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız rəşadətli Qələbə məhz düzgün ordu quruculuğu siyasətinin real nəticəsidir.
İştirakçılar dövlət müstəqilliyimizin bərpası tarixini, eləcə də Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyini tərənnüm edən fotosərgi ilə tanış olublar.
Salondakı nəhəng ekranda Azərbaycanın dövlətçilik tarixini əks etdirən nadir kadrlar nümayiş etdirilib.
Rəsmi hissədən sonra mərasim rəngarəng bədii proqramla davam edib. Zəfər, Vətən sevgisi, ölkəmizin füsunkar gözəlliyi, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən ifalar bayram ovqatını yüksəklərə qaldırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara