DÜNYA


Ankarada şəhid türk diplomatların xatirəsi ehtiramla yad edilib VİDEO

Ankara, 8 avqust, AZƏRTAC

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-də Ankara şəhərində “2023-Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, eləcə də konfransa qatılan Azərbaycanın diplomatik nümayəndə heyətinin iştirakı ilə Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Asri Məzarlığında şəhid türk diplomatların uyuduqları müqəddəs məkan ziyarət edilib.

Şəhid diplomatların ruhuna dualar oxunub, məzarları üstünə gül dəstələri düzülüb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi ziyarətdə Ankaradakı diplomatik nümayəndəliyimiz adından Cəbəci Asri Məzarlığında türk diplomatların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulub.

Sonra konfrans iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.

Anıtqəbir önünə əklil qoyulub, nazir Mövlud Çavuşoğlu “Xatirə kitabı”nı imzalayıb.

Xatırladaq ki, xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri 1973-1984 illərdə erməni terror təşkilatları tərəfindən genişmiqyaslı terror hücumlarına məruz qalıblar. Məqsədyönlü şəkildə və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda çoxsaylı və ağır nəticələrə səbəb olan terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad edilib. Bəzi hallarda türk diplomatlara qarşı törədilən terror cinayətinin üstü açılmayıb. Təəssüf doğuran daha bir məqam odur ki, Ermənistan həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam edir.

Səfirlər konfransı Türkiyə və regionu maraqlandıran hadisələri, mövcud çağırışları və imkanları müzakirə etmək baxımından mühüm platforma olacaq. Tədbir çərçivəsində aparılacaq müzakirələr xarici siyasət kontekstində daxili planlar hazırlamaq və qurumlararası koordinasiya yaratmağa töhfə verməklə yanaşı, xalq diplomatiyası baxımından da mühüm rol oynayır.

Qeyd edək ki, avqustun 8-dən 12-dək davam edəcək konfransın paytaxtda təşkil olunacaq hissəsi başa çatdıqdan sonra iştirakçılar Nevşehir və Kayseriyə səfər edəcəklər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.