CƏMİYYƏT
Ankarada türkdilli dövlətlərin ortaq təşkilatlarının 3-cü koordinasiya toplantısı keçirilib
İstanbul, 3 oktyabr, AZƏRTAC
Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Türkdilli Ölkələrin Parlament Assambleyası, Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Mədəniyyəti və İrsi Fondunun 3-cü koordinasiya toplantısı keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında TÜRKSOY-un mənzil-qərargahında təşkil edilən toplantıda türk dünyasının birliyinə xidmət edən qardaş qurumların ötən dövr ərzində görülən işlərlə bağlı hesabatları dinlənilib.
Tədbirdə çıxış edən Türk Şurasının baş katibi Ramil Həsənov rəhbərlik etdiyi qurumun BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin daha da dərinləşdiyini qeyd edərək quruma üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən son görüşünün və digər tədbirlərin əhəmiyyətini vurğulayıb.
Sonra TÜRKPA-nın baş katibi Jandos Asanov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdikləri qurumların fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Türk Akademiyasının prezidenti Darxan Xıdırəli bildirib ki, “Ortaq Türk tarixi” dərs kitabının hazırlanması işi artıq başa çatıb. “Ortaq ədəbiyyat” və “Ortaq coğrafiya” dərsliklərinin hazırlanması üzrə işlər isə davam edir.
TDƏŞ-in Ağsaqqallar Şurasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa İsen bildirib ki, ümumilikdə son 25 ildə türk dünyasının birliyi naminə mühüm işlər görülüb, bundan sonra da yeni konkret addımlar atılmalıdır.
Toplantıda türk dünyasının subyektləri arasındakı birliyin daha da möhkəmlənməsi, türkdilli dövlətlərlə yanaşı, başqa ölkələrin tərkibində olan azsaylı türk xalqları ilə əlaqələrin dərinləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul