MƏDƏNİYYƏT
Anna Netrebko və Yusif Eyvazov Osakada konsert proqramı ilə çıxış edəcəklər
Bakı, 26 sentyabr, AZƏRTAC
Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) oktyabrın 12-də Yaponiyanın Osaka şəhərində “Symphony Hall”da konsert proqramı ilə çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, konsert Asiya-Avstraliya turu çərçivəsində təşkil olunacaq.
Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.