SİYASƏT


Annisa Fadilah: Azərbaycan suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparır

Cakarta, 2 oktyabr, AZƏRTAC

Ermənistan işğalçı dövlətdir və Azərbaycan bu gün suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparır.

Bunu AZƏRTAC-ın İndoneziyadakı xüsusi müxbirinə müsahibəsində ASEAN Gənclər Təşkilatının hökumətlə əlaqələr şöbəsinin müdiri xanım Annisa Fadilah bildirib. Şöbə müdiri vurğulayıb ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Lakin Ermənistan qanunsuz olaraq bu bölgəni özünə birləşdirməyə çalışır. Nikol Paşinyan Ermənistanın baş naziri kimi fəaliyyətə başladığı 2018-ci ildən bəri Dağlıq Qarabağla bağlı bir çox təxribatlara əl atıb.

A.Fadilah qeyd edib ki, Ermənistan rəhbərliyinin zaman-zaman təkrarlanan bu təxribatları bağışlana bilməz. Çünki həmin təxribatlar zamanı mülki insanlara da hücumlar olur, onların şəxsi əmlakı məhv edilir. Məhz bu təcavüz nəticəsində Azərbaycan əsgərləri və günahsız mülki şəxslər həyatlarını itirirlər.

Şöbə müdiri bildirib ki, Ermənistanın bu gün də davam edən təcavüzünü şəxsən qlobal dünyanın bir vətəndaşı olaraq qınayır. Məhz buna görə də hazırda Azərbaycanla birlikdədir.

“Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində mülki şəxslərin və əhalinin sıx məskunlaşdığı yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək üçün bu ölkənin Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa tam uyğun olaraq özünümüdafiə hüququ daxilində əks-hücum tədbirləri görməsini alqışlayıram”, - deyə A.Fadilah bildirib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn əsas norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının, habelə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin açıq şəkildə pozulmasıdır. Hazırda yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin açıq prinsipial mövqe nümayiş etdirməsi həmişəkindən daha çox vacibdir. Çünki Azərbaycan suverenliyi, ərazi bütövlüyü və əhalisini qorumaq uğrunda ədalətli mübarizə aparır.

A.Fadilah deyib: “Yenə də bildirirəm ki, Azərbaycanın yanındayam və Ermənistanın təcavüzkar siyasətini pisləyirəm. Çünki Qarabağ Azərbaycandır!”

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.