SİYASƏT


Nazir: Rumıniya Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlıdır

Antalya, 19 iyun, AZƏRTAC

Antalya şəhərində keçirilən Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli iqtisadi, humanitar, təhsil və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişədən sonra bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verib. İşğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Postmünaqişə dövründə regionda baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirib. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və bu xüsusda, Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfərə dəvət edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.