MƏDƏNİYYƏT


Antalyada Şuşanın 270 illiyi ilə bağlı tədbir: “Cənnətim Qarabağ”

İstanbul, 8 dekabr, AZƏRTAC

Türkiyənin Antalya şəhərində Şuşanın 270 illiyi ilə bağlı “Cənnətim Qarabağ” mövzusunda tədbirlər silsiləsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Antalya Təhsil İdarəsi və Kəpəz Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirlər şəhərin Gözəl Sənətlər və Gülverən Anadolu liseylərində, eləcə də Erdem Bayazıt Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbirlər çərçivəsində Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Qarabağ və Şuşanın tanıdılması sərgisi açılıb.

Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Mərasimlərdə çıxış edən sözügedən dərnəyin sədri Ceyran Səttarova və gimnaziyanın teatr şöbəsinin müdiri, Əməkdar müəllim Hicran Sadıqzadə iştirakçılara Şuşa haqqında məlumat veriblər.

Antalya Təhsil İdarəsinin rəhbəri Emre Çalışkan, liseylərin müdirləri çıxışlarında Azərbaycan-Türkiyə qardaşlığı və şanlı Qarabağ Zəfəri haqqında danışıb, ölkələrimiz arasındakı tarixi münasibətlərin ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının prinsipi əsasında davam etdiyini qeyd ediblər.

Tədbirlər bədii hissə ilə davam etdirilib. Azərbaycan İncəsənət Gimnaziyasının tələbə və müəllimləri, eləcə də Əməkdar artist Firuzə İbadova konsert proqramı ilə çıxış ediblər. Proqramlarda muğam, xalq mahnıları və milli rəqslər ifa olunub, səhnəciklər göstərilib.

Sonda iştirakçılara xatirə lövhələri, təşəkkürnamələr və xüsusi hədiyyələr təqdim edilib.

Günel Məlik

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.