CƏMİYYƏT


Antalyada liderlərin mötəbər forumunda azərbaycanlı imzası – baş redaktorun təəssüratları

Bakı, 24 iyun, AZƏRTAC

Forum çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin 12 hökumət başçısı ilə görüşdüm. Türkiyə hökuməti Antalya Diplomatiya Forumunu beynəlxalq müzakirələr platformasına çevirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 18-20-də Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə keçirilən Antalya Diplomatiya Forumunun iştirakçısı, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli bildirib.

Baş redaktor qeyd edib ki, 10 ölkədən dövlət və hökumət başçılarının, 42 ölkədən xarici işlər nazirlərinin, 50-dək beynəlxalq qurumun təmsilçilərinin, eləcə də bir sıra ölkələrdən sabiq dövlət, hökumət rəhbərləri, diplomatlar, parlamentarilər, siyasətçilər, elm və iş adamları, media nümayəndələrinin - ümumilikdə 2 minə yaxın qonağın qatıldığı Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mühüm mesajlar verdilər.

“Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar” mövzusunda Forumda qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə edilib. Forumun açılış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tədbirin məqsədlərindən, ölkəsinin xarici siyasətindən və dünya ictimaiyyətini narahat edən məsələlərə dair qətiyyətli mövqeyindən danışıb. Türkiyə XİN rəhbərinin sözlərinə görə, Antalya Diplomatiya Forumu birlikdə düşünmək və hərəkət etmək istiqamətlərini formalaşdırmaq üçün beynəlxalq əhəmiyyətli platformadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Antalya Diplomatiya Forumunda nitq söyləyib.

Forum işini müxtəlif mövzulu panel və sessiyalarla davam etdirib.

Türkiyə Xarici İşlər Nazirliyi İnformasiya şöbəsinin müdiri, Forumun Təşkilat Komitəsinin rəhbəri Murat Karagözün verdiyi məlumata görə, tədbir çərçivəsində ümumilikdə 15 panel, 3 sessiya, 2 dəyirmi masa keçirilib. Tədbirlərin bir qismi, eyni zamanda, onlayn iştirak - vebinar formatında təşkil olunub.

Çıxışlarda diqqətə çatdırılıb ki, hazırda bölgədə sülh və tərəqqi üçün yeni əməkdaşlıq imkanları yaranıb. İnkişaf və rifahın yeganə yolu sülhdən keçir. Münaqişələr olan yerdə əməkdaşlığın müzakirəsi yersiz və faydasızdır. Ona görə də Ermənistan tərəfi mövcud reallığı düzgün qiymətləndirərək qarşılıqlı faydalı əməkdaşlıq yolunu tutmalıdır. Vurğulanıb ki, əgər region dövlətləri arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf edərsə, bölgəyə kənar təsirlər də azalar.

Ən əsası, Antalya Diplomatiya Forumundakı panellərdən biri “Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunub. Forumun ilk gününün proqramında “Virtual dünyada məlumat çirkliliyi və saxta xəbərlər” mövzusunda paneldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, iyunun 19-da “Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusunda paneldə xarici işlər naziri Ceyhun Bayramovun, “Sülh araşdırmalarında qadınların rolu” panelində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın çıxışları olub. Eyni zamanda, Forumda Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli də iştirak edib. O, Antalya Diplomatiya Forumuna qatılıb və baş redaktoru olduğu “Azərbaycanım” beynəlxalq jurnalını təmsil edib.

Belə mötəbər platformada iştirak etmiş azərbaycanlı jurnalist Forumda Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşüb və ona “Azərbaycanım” beynəlxalq jurnalını təqdim edib. E.Nəsirli bildirib ki, jurnalla yaxından tanış olan Prezident Ərdoğan kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş redaktor onu da qeyd edib ki, bu Forumda, həmçinin Türkiyənin xarici işlər naziri cənab Mövlud Çavuşoğlu və qardaş ölkənin bir sıra tanınmış şəxsləri ilə də görüşləri baş tutub.

E.Nəsirli, habelə həmin tədbirə qatılan 12 dövlət və hökumət başçısı, o cümlədən Polşa, İran, İraq, Gürcüstan, Ukrayna, Moldova, Keniya, Bosniya, Xorvatiya və digər ölkələrin Baş nazirləri və xarici işlər nazirləri ilə də görüşüb. “Hesab edirəm ki, Türkiyə hökuməti Antalya Diplomatiya Forumunu beynəlxalq müzakirələr platformasına çevirmək niyyətindədir və tədbir çərçivəsində baş tutan bu görüşlərin səmərəli nəticəsindən məmnun qaldım”, - deyən E.Nəsirli vurğulayıb ki, Foruma təkcə siyasətçilər, qərar qəbul edənlər, parlamentarilər deyil, müxtəlif beyin mərkəzləri, elm adamlarının da qatılması problemlərə elmi baxış nöqteyi-nəzərindən maraq doğurur.

Onun fikrincə, ölkəmizin tanıdılması, əlaqələrin qurulması və genişləndirilməsi baxımından da belə bir tədbirə qatılmaq müsbət haldır. Baş redaktorunun sözlərinə görə, ölkəmizdə də dünyanın mühüm siyasətçilərinin iştirakı ilə belə diplomatiya forumu təşkil etmək yaxşı olar.

Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemi tarixinin ən böhranlı və qeyri-sabit dövrlərindən birini yaşayır. Dünya nizamının qlobal sistemində qüvvələr balansının dəyişməsi prosesi müşahidə edilir.

Ölkələr əməkdaşlıqla yanaşı, yarışırlar, hətta mübarizə aparırlar. Qlobal dünya nizamı güclü burulğanlıq şəraitində yaşamağa çalışır. Belə şəraitdə Antalyada keçirilən Diplomatiya Forumu kimi beynəlxalq müzakirə meydanları xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə başlanmış Forum mürəkkəb məsələlərə və çağırışlara yeni yanaşmalar formalaşdırır, sülhə ümidin formalaşmasına öz töhfəsini verir.

Xarici işlər naziri Ceyhun Bayramov “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda panel müzakirələri zamanı bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.

Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı olan münasibət artıq tamamilə dəyişib. Biz artıq siyasi kluarlarda bunun şahidi oluruq. Ölkəmizin artan qüdrəti, regionda oynadığı rol belə tədbirlərdə də özünü aşkar şəkildə büruzə verir. Forumda Şuşa Bəyannaməsinin əhəmiyyəti, Zəngəzur dəhlizinin açılması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi məsələlərinin vurğulanması təsdiqləyir ki, ölkəmizə qarşı beynəlxalq münasibət tamamilə fərqli şəkil alıb.

Beynəlxalq qurumların nümayəndələrinin, diplomatların, rəsmi şəxslərin Qarabağla bağlı sualları Azərbaycana olan diqqətdən, maraqdan xəbər verir. Yeri gəlmişkən, bu Diplomatiya Forumu növbəti illərdə də davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.